Keçən həftə Oreqonda qeyri-adi bir hadisə baş verib. Krossoveri qaçıran şəxs qısa müddət sonra arxa oturacaqda unudulmuş uşağı aşkar edib. O, cinayət yerinə qayıdaraq körpəni anasına verib və diqqətsizlik etdiyinə görə onu polislə təhdid edib. Eyni zamanda o, oğurladığı avtomobili özündə saxlamağa qərar verib.
Şənbə günü səhər amerikalı qadın 2013-cü ilin gümüş rəngli Honda Pilot modelini mağazanın dayanacağında qoyub süd və ət almaq üçün çölə çıxıb. Bu barədə polis məmuru Mətt Hendersona istinadən The Oregonian nəşri xəbər verib. Qadın dörd yaşlı qızını arxa oturacaqda qoyaraq avtomobili tərk edib. Ananın avtomobildən beş metrdən çox uzaqlaşmamasına baxmayaraq, kritik bir səhvə yol verib: mühərriki söndürməyib və qapıları bağlamayıb.
Cinayətkar bunu görüb və fürsətdən istifadə edib. O, avtomobilə minərək dayanacaqdan çıxıb və bir müddət sonra arxadakı oturacaqda uşağın oturduğunu görüb. Cinayətkar geri dönərək mağazaya qayıdıb və avtomobilin sahibini tapıb, onu qızını götürməyə məcbur edib və uşaqla pis davrandığına görə danlayıb.
“O, həqiqətən anasını körpəni maşında qoyduğu üçün danlayıb və hətta polisi çağıracağı ilə hədələyib”, - Henderson bildirib.
Qadın qızı maşından götürdükdən sonra, avtomobili qaçıran şəxs naməlum istiqamətdə yoxa çıxıb. Polislər oğruya uşağı qaytardığı üçün minnətdar olduqlarını, indi isə qaçırılan Honda krossoverini axtardıqlarını qeyd ediblər.