Xüsusilə təyyarə qəzalarından sonra ən çox müzakirə olunan şeylərdən biri də qara qutular olur. Qəzanın səbəbini aydınlaşdırmaq üçün onlara hər zaman ehtiyac var. Qara qutular, əslində rəngi diqqəti tez cəlb etməsi üçün parlaq narıncı olan, 5 kq ağırlığında, ayaqqabı qutusu böyüklüyündə cihazlardır.

Qara Qutular iki hissədən ibarət olur. Onlardan biri Flight Data Recorder (FDR) - yəni, uçuş məlumatlarını qeyd edən cihazdır. Onun vasitəsi ilə təyyarənin son 25 saatdakı bütün hərəkətləri - hündürlüyü, sürəti, olduğu yer və s. kimi 88 müxtəlif məlumat qeydə alınır. Digəri isə Cockpit Voice Recorder (CVR) - yəni, kokpitdəki səsləri qeyd edən cihazdır. Bu cihazın işi isə pilotların öz aralarında, qüllə ilə, digər ekipaj üzvləri ilə danışıqlarını, sərnişinlərə etdikləri anonsları yazmaqdır. Qara qutular qəza zamanı az zərbə alması üçün təyyarənin quyruq hissəsinə yerləşdirilir. 

Qara qutudan istifadə ilk dəfə 1958-ci ildə ABŞ-da məcburi olub. Buna səbəb isə Comet təyyarələrinin tez-tez qəza etməsi olub. İlk qara qutular çox az sayda məlumatı - sürəti, hündürlüyü və s. verirdi, lakin 1960-cı ildən etibarən kokpitdəki səslərin qeydə alınması da məcburi elan edilidi. 1957-ci ildə Boeing 707 təyyarəsinin istehsala başlanmasından bəri qara qutulardan aktiv şəkildə istifadə edilir.  Bu cihaza "Qara Qutu" deyilməsinin səbəbi 1942-ci ildə finlandiyalı təyyarə mühəndisi Veijo Hietala tərəfindən düzəldilən qara rəngli "Mata Hari" adlı cihazdır. Bu adı həm də qara qutunun qəza barədə qara xəbər verməsi ilə də əlaqələndirirlər.

Qara qutular istehsal prossesi zamanı davamlılıq, duzlu su, kimyəvi aşınma, dərin sularda əzici təzyiq kimi bir çox testdən keçirilir. Bu cihazlar -55 dərəcədən +70 dərəcəyə qədər olan temperaturlarda, 300 metr dərinlikdən 16 km-ə qədər olan hündürlükdə işləyə bilir. Hətta 1 saat boyunca +1100 dərəcə temperaturda atəşə məruz qalsa, yenə də ondan məlumatları əldə etmək mümkündür. Bu cihazların qiyməti təxminən 30 min dollar ətrafındadır. Alminiumdan istehsal olunsa da, ətrafı polad və titandan olan paslanmaz qatla mühafizə olunur. Əgər qəza zamanı təyyarə suya düşübsə, bu cihazlar 6000 metr dərinliyə qədər olan yerlərdə öz siqnallarını 1 ay müddətində göndərə bilirlər.

Qara qutulardakı məlumatları oxuyan xüsusi cihazlar var. Qara qutuların qeyd etdiyi məlumatların itməməsi, zədələnməməsi üçün üzərində ingilis və fransız dillərində "AÇMAYIN" sözü yazılır. Hər nə qədər faydalı olsalar da, bu cihazlar 90-cı illərin texnologiyasıdır və hazırda onlara alternativlər tapmaq üzərində işləyirlər. Məsələn, bəzi qırıcı təyyarələrə qəza zamanı avtomatik olaraq təyyarədən özü çıxa bilən cihazların qoyulması düşünülür. Airborne İmage Recorder adlı video qeyd edən cihaz da layihələrdən biridir. Bu layihəyə əsasən, kokpitin 4 tərəfinə yüksək keyfiyyətli kameralar qoyulmalıdır və bu kameralar pilotların hər bir hərəkətini qeyd etməlidir. Lakin dünyadakı bir çox pilot təşkilat və birlikləri qəza olacağı təqdirdə bu görüntülərin ailələrinə çox pis təsir edə biləcəyinə görə bu fikrin əleyhinədir. Peyk vasitəsi ilə təyyarədə baş verənlərin izlənməsi fikri isə olduqca bahalıdır.

Belə görünür ki, mövcud sistemdən hələ bir müddət də istifadə etmək lazım olacaq. Hər bir şəraitdə qəzaya uğramış təyyarə barədə lazımi məlumatları verə bilən Qara qutuların əvəzlənməsi çox da ədalətli olmazdı.