Bir il yarım əvvəl loqotipini dəyişdirən Peugeot şirkətinin ardınca, qardaş Citroen şirkəti də analoji addım atmaq qərarına gəlib. Əlbəttə ki, ikiqat şevron yerini qoruyub. Xatırladaq ki, vaxtı ilə, dişli şevron ötürməsinin simvolunu fransız markasının əsasını qoyan Andre Citroen özü təklif etmişdi və fransız istehsalçısı ondan tarixi boyu istifadə edib. İndi isə, loqotip bir qədər sadələşib.

Bu, artıq Citroen loqotipinin onuncu versiyasıdır. Bununla belə, yeni versiya praktiki olaraq 1919-cu ilin orijinal loqotipini təkrarlayır: qoşa şevron yenidən düz xətlərdən yaradılıb və ovala yerləşdirilib. Üçölçülü və bahalı materiallarla təcrübə keçmişdə qalıb. Yeni loqotip “yastı” qrafikaya malikdir və xromdan məhrum edilib, buna görə də o, istehsalda daha bəsit və daha ucuz olmalıdır.

Yaxın vaxtlarda yeni loqotip fransız brendinin internet səhifələrində, şirkət broşürlərində, habelə dilerlərin fasadlarında, aksessuarlarda, suvenirlərdə və digər yerlərdə peyda olmalıdır. Loqotipin əsas rəngi boz olacaqdır, bununla belə, mavi (Monte Carlo Blue) və qırmızı (İnfra-Qırmızı) rənglərdən də istifadə nəzərdə tutulub. 

Eyni zamanda, korporativ şrift də yenidən işlənib. Yeni loqotipi olan ilk Citroen avtomobili bu günlərdə üzərindən sirr pərdəsinin götürülməsi gözlənilən konsept avtomobili olacaqdır. Seriya avtomobillərində isə, oval loqotip 2023-cü ilin ortalarında peyda olmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.