BMW şirkəti rəsmi olaraq bayraqdar krossoveri olan X7 modelini təqdim edib. Münhen istehsalçısı nəhayət ki Range Rover və Mercedes-Benz GLS modellərinin üstünlük təşkil etdiyi seqmentə müdaxilə etmək qərarına gəlib. Qeyd etmək lazımdır ki, X7 hər iki rəqibini uzunluğuna görə üstələyir - 5151 millimetr. Xatırladaq ki, Range Rover modelinin uzunluğu 4999, Mercedes-Benz GLS krossoverinin isə 5130 millimetrdir. Təkər bazasının uzunluğuna görə də X7 rəqiblərini geridə qoyur - 3105 millimetr, müvafiq olaraq 2922 və 3075 millimetrə qarşı.
Qeyd etmək lazımdır ki, avtomobilin bütün elementləri onun iri olçülərindən xəbər verir - buraya iri formalı radiator barmaqlığını, arxa qapıları və standart olaraq təklif edilən 20-düymlük təkər disklərini göstərmək olar. Əlavə ödənişlə 21 və 22-düymlük təkər disklərini də sifariş etmək olar. Adaptiv işıqdiodlarından fənərlər də standart təchizata daxildir. Əlavə ödənişlə isə lazer-lyüminofor uzaq işıqlarını da sifariş etmək olar.
Ümumiyyətlə, yeni krossover BMW X5 modeli ilə ümumi cəhətlərə malikdir. Texniki cəhətdən X7 modeli X5 krossoverinin böyüdülmüş variantıdır. Onların kuzovlarının eni də bənzərdir və bu o deməkdir ki, hər iki avtomobilin kuzovunun strukturu ciddi şəkildə unifikasiya edilibdir. X7 modelinin interyerinin ön hissəsi də eynidir. Lakin arxa hissəyə gəldikdə, yeni krossover daha geniş məkan təklif edir. Əlbəttə ki, üçüncü oturacaqlar cərgəsi də standart olaraq quraşdırlır. İkinci cərgənin oturacaqları isə iki variantda ola bilər - üçyerli divan və ya fərdi tənzimləmələri olan iki kreslo.
Məlum məsələdir ki, X7 modelinin təchizat səviyyəsi X5 modelində olduğundan daha zəngindir. Təchizata Venasca dərisi ilə örtülmüş oturacaqlar, dördzonalı klimat-kontrol, ön oturacaqların elektriklə tənzimlənməsi və panoram tavan daxildir. Yeri gəlmişkən, multimedia sisteminin displeyləri nəinki ikinci cərgənin sərnişinləri, hətta üçüncü cərgənin sərnişinləri üçün də əlçatandır. Üstəlik, X7 modelini beşzonalı klimat-kontrol ilə də sifariş etmək olar.
BMW X7 arxa qapılarının quruluşu elə X5 modelində olduğu kimidir. Baqaj bölümünün həcmi isə 326 litrdir. İkinci və üçüncü cərgəni qatladıqdan sonra isə bu rəqəm 2120 litrə çatır. Yeni krossoverin mühərrik çeşidi də X5 modeli ilə eynidir. Mühərrik çeşidini 265 at qüvvəli 3,0-litrlik altısilindrli dizel mühərrik açır. Bunun ardınca 340 at qüvvəli 3,0-litrlik benzin mühərriki və 462 at qüvvəli 4,4-litrlik V8 aqreqatları gəlir. Krossoverin M-dəsti və aktiv differensial ilə təchiz edilən X7 M50d top-variantı 400 at qüvvəli dörd turbokompressorlu 3,0-litrlik dizel mühərriki ilə hərəkətə gəlir.
BMW X7 rəsmi təqdimat filmi. © BMW AG
Bütün modifikasiyalar səkkiz pilləli avtomatik qutu və ön təkərləri qoşan çoxdiskli muftaya malik olan tam çəkiş sistemi ilə təchiz edilirlər. Adaptiv amortizatorlardan başqa, avtomobilin standart təchizatına pnevmatik asqı da daxil edilibdir. Lakin, adaptiv sükan mexanizmi və aktiv stabilizatorlara görə əlavə pul ödəmək gərək olacaqdır. Eyni zamanda, M Sport və Off-Road dəstləri də nəzərdə tutulmuşdur.
BMW X7 modelinin istehsalı ABŞ-da aparılacaqdır. Yeni krossoverin satışlarına gələn ilin martında başlanacaqdır. Artıq Münhen istehsalçısının yerli nümayəndəsi BMW X7 modelinə sifarişlərin qəbuluna başlayıb.