"Kovid-19" virusuna görə dünyanın hər yerindəki şirkətlər uçuşların ləğvi ilə sarsılsalar da, Qətərin milli hava yolu şirkəti Qatar Airways fevralın ortasından bəri 1 milyondan çox sərnişin daşıyıb. Şirkət bu müddətdə həm də 70 min tondan artıq tibbi ləvazimatın dünyanın hər bir yerinə çatdırılmasını təmin edib.
Aviasəyahətlərə tələbatın sıfıra endiyi bir dövrdə şirkət kommersiya uçuşları ilə yanaşı, çarter və xüsusi uçuşlar da icra edib. Təkcə son bir neçə həftə ərzində 45 min nəfər Fransaya, 70 min nəfər Almaniyaya, 100 mindən çox insan isə İngiltərəyə çatdırılıb. Olduqları yerdən ölkələrinə qayıtmaq istəyən insanların böyük tələbatına görə şirkət daha əvvəl uçmadığı Brizben, Kristçörç və Toronto kimi şəhərlərə də təyyarələrini göndərib.
Qatar Airways hazırda gün ərzində 40 istiqamətdə 60-a yaxın uçuş həyata keçirir və başqa ölkələrdən evlərinə qayıtmaq istəyən insanlara köməklik göstərən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Qatar Airways Cargo da qlobal ticarətin davamlı olmasını təmin etmək və tibbi ləvazimatları lazımi yerlərə çatdırmaq üçün iş rejimini intensivləşdirib. Belə ki, şirkətin karqo bölümü gün ərzində 100 uçuş həyata keçirir. Şirkət bu dövrdə 70 min tondan çox tibbi ləvazimat daşıyıb ki, bu da 500 ədəd Boeing 777 təyyarəsinin daşıya biləcəyi yükdür. Şirkət Çin, Hindistan və Yaxın Şərq ölkələrinə yük daşınmasına sərnişin təyyarələrini də cəlb edib.
Xatırladaq ki, Qatar Airways keçən il Skytrax tərəfindən ilin ən yaxşı aviaşirkəti seçilib.