Bu gün Şpilberqdə keçiriləcək ikinci yarışın start düzülüşünü müəyyən edən sıralama sessiyasında Mercedes pilotu Qəri Paffett birinci nəticəni göstərərək poulu əldə edib.
Qəri Paffett sıralama sessiyasının sonunda 1.23,404 zamanla Red Bull Rinqdəki dövrəni qət edib. Audi komandasının isveçrəli pilotu Niko Müller liderdən 0,028 saniyə geridə qalaraq ikinci nəticəni göstərib. Qəri Paffettin əsas rəqibi olan Pol di Resta üçüncü yerdən yarışı başlayacaqdır. Di Resta ilə birlikdə ikinci cərgədən digər Mercedes pilotu Edoardo Mortara start alacaqdır. Növbəti sırada isə, Paskal Verlyayn (Mercedes) və Coel Eriksson (BMW) yerləşiblər. Dördüncü cərgədən yarışı başlayacaq pilotlar Timo Qlok (BMW) və Rene Rastdır (Audi). İlk onluğu Daniel Hunkadella (Mercedes) və Filipp Enq (BMW) tamamlayıblar.