Aktiv fəaliyyət müddətini bitirmiş bir çox qırıcı təyyarə müxtəlif saytlarda satışa çıxarılır. Hazırda onlar 40 min dollardan başlayan qiymətlərə təklif edilirlər. Bu tip təyyarələr bütün döyüş avadanlıqları və silahları söküldükdən sonra yalnız mülki məqsədli uçuşlar və ya kolleksiya üçün satılır. Əksəriyyəti İkinci Dünya Müharibəsindən sonra istehsal edilən bu təyyarələr arasında F-16, MiG-29 kimi olduqca populyar modellər də var.
Türkiyə də daxil olmaqla, bir çox ölkənin ordusun tərəfindən hələ də aktiv şəkildə istifadə edilən F-16 modelinin 1980-ci ildə buraxılmış nüsxəsini 8,5 milyon dollara əldə etmək mümkündür. 1986-cı ildə istehsal olunan MiG-29 və 1959-cu ildə ilk uçuşunu reallaşdıran F4 Phanton müvafiq olaraq, 4,65 və 3,25 milyon dollaradır. Bəzi təyyarələrin qiymətlərini öyrənmək üçün satıcı ilə əlaqə yaratmaq lazımdır.
Satışdakı ən ucuz təyyarələrdən biri MiG 21 PFM-dir ki, SSRİ dövründə istehsal olunmuş bu təyyarə hələ də bəzi ölkələr tərəfindən döyüş məqsədi ilə istifadə edilir. Böyük Britaniya Krallığı tərəfindən istifadə edilən, yerdən şaquli qalxa və enə bilən Harrier GR3 ve FA2 kimi qəribə təyyarələrə də bu saytlar vasitəsi ilə sahib olmaq mümkündür. Satılan modellər arasında hətta müharibə dövründə - 1944-cü ildə almanlar tərəfindən istehsal olunan Messerschmitt Me 262 də var ki, qiyməti 430 min avrodur.
Ən çox rəğbət görən modellərdən biri Çexiya istehsalı Aero L-39 Albatros-dur. Bu təyyarənin qiyməti təchizatından asılı olaraq, 155 000 dollarla 250 000 dollara arasında dəyişir.