1953-cü ildə hazırlanmış və dünyada yalnız yeganə nüsxədə olan Cadillac Elegante hərracda 1,275 milyon dollara satılıb. Bu nəticə avtomobili Cadillac tarixində ictimai hərraclarda ən yüksək qiymətə satılan modelə çevirib. Elegante yeni sahibini Kruse Auctions-ın Auburn şəhərində keçirilən hərracında tapıb.

Elegante heç də adi Cadillac layihəsi olmayıb. Avtomobili Nyu-Yorklu kommersiya rəssamı Harry Birdsall və onun dostu Joe Mascari hazırlayıblar. Dizayn üzərində isə daha sonra BMW 507 ilə tanınacaq Albrecht von Goertz çalışıb. Kuzov Turində yerləşən Carrozzeria Rocco Motto emalatxanasında tamamilə əl işi ilə hazırlanıb.

Layihənin başa çatması təxminən 30 ay çəkib və həmin dövr üçün olduqca böyük məbləğ — 30 min dollar tələb edib. Bu gün baxanda rəqəm daha da təsirli görünür: Elegante sadəcə bahalı avtomobil deyil, dövrünün texniki və dizayn imkanlarını bir araya gətirən xüsusi layihə idi.

Avtomobil 1953 Cadillac Series 62 şassisi üzərində qurulub və 331 kubdüym həcmli V8 mühərriki ilə hərəkətə gəlir. Alüminium kuzov, hidravlik idarə olunan yığılıb-açılan sərt tavan, panoram ön şüşə və şəffaf Lucite sükanı onun ən diqqətçəkən xüsusiyyətləri arasındadır. Üstəlik, ön hissənin bəzi elementləri və salon detalları 24 karat qızılla örtülüb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elegante ilk dəfə 1955-ci ildə Nyu-York avtosalonunda nümayiş etdirilib və o vaxt böyük maraq doğurub. Sonrakı illərdə avtomobil ciddi şəkildə zədələnsə də, hekayəsi burada bitməyib. Tam 16 il davam edən bərpa işlərindən sonra Elegante 2014-cü ildə yenidən əvvəlki görkəminə qaytarılıb.

İndi isə avtomobil tarixində yeni bir səhifə açılıb. 1,275 milyon dollarlıq satış qiyməti 2023-cü ildə 940 min dollara satılan 1934 Cadillac V-16 Fleetwood Aerodynamic Coupe-nin əvvəlki hərrac rekordunu geridə qoyub.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.