Ferrari-nin ilk tam elektrik avtomobili olan Luce hələ müştərilərə çatdırılmağa başlamasa da, artıq böyük tələbatla üzləşib. İtaliya istehsalçısı 2027-ci ildə buraxmağı planlaşdırdığı bütün avtomobillər üçün sifarişləri artıq qəbul edib. Yeni sifariş verən müştərilər isə avtomobillərini almaq üçün 2028-ci ilədək gözləməli olacaqlar.

Ferrari-nin baş direktoru Benedetto Vinya şirkətin üçüncü rübün maliyyə nəticələrinə həsr olunmuş konfransda Luce layihəsinin plan üzrə irəlilədiyini bildirib. İlk avtomobillərin bu ilin sonunadək yollara çıxması gözlənilir, müştərilərə çatdırılmalar isə 2027-ci ildə geniş vüsət alacaq. Bununla belə, şirkət gələn il üçün nəzərdə tutduğu istehsal həcminin artıq tam satıldığını açıqlayıb.

Ferrari 2027-ci ildə neçə ədəd Luce istehsal edəcəyini açıqlamır. Vinya konkret satış hədəfi barədə də məlumat verməkdən imtina edib. Onun sözlərinə görə, hazırda tələb şirkətin planlaşdırdığı təklif həcmindən yüksəkdir.

İstehsalın tədricən artırılması da gözləmə müddətinə təsir göstərir. Luce digər Ferrari modellərindən fərqli olaraq, elektromobillər üçün xüsusi inşa edilmiş yeni zavodda yığılacaq. Bu müəssisədə avtomobilin özü ilə yanaşı, elektrik mühərrikləri, batareya blokları və digər əsas komponentlər də istehsal olunacaq. Yeni zavodun tam gücü ilə işləməyə başlaması müəyyən vaxt tələb etdiyindən, istehsal həcmi mərhələli şəkildə artırılacaq.

Ferrari yeni modelə marağı artırmaq üçün artıq Şimali Amerika, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunda 50-dən çox qapalı təqdimat və ilkin nümayiş təşkil edib. Bundan əlavə, beş ictimai tədbir keçirilib. Şirkət rəhbərliyinin fikrincə, potensial alıcıların avtomobili canlı görməsi onun fərqli xüsusiyyətlərini daha yaxşı anlamalarına kömək edib.

Növbəti mühüm mərhələ 2027-ci ilin birinci rübünə planlaşdırılıb. Həmin dövrdə beynəlxalq media nümayəndələri üçün sınaq yürüşləri, daha sonra isə potensial müştərilər üçün sürüş tədbirləri təşkil ediləcək. Ferrari hesab edir ki, avtomobili sükan arxasında sınamaq ona münasibəti daha da yaxşılaşdıra bilər.

Şirkət Luce-yə marağın həm mövcud Ferrari müştəriləri, həm də markaya yeni qoşulan alıcılar arasında formalaşdığını bildirir. Bununla belə, alıcıların hansı hissəsinin artıq Ferrari avtomobilinə sahib olduğu açıqlanmayıb.

ABŞ bazarında Ferrari Luce-nin başlanğıc qiyməti 560 800 dollar təşkil edir. Bu, V12 mühərrikli Purosangue krossoverindən 122 190 dollar bahadır. Məqalədə qeyd olunur ki, Ferrari-nin təkcə elektrik modeli deyil, ümumilikdə 2027-ci il üçün planlaşdırılan avtomobillərinin istehsal həcmi də artıq sifarişlərlə dolub. Bəzi müştərilər digər modelləri almaq üçün də 2028-ci ilədək gözləməli olacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu arada, Ferrari ilin sonunadək daha iki yeni model təqdim etməyi planlaşdırır. Onlardan birinin 296 Challenge Stradale və ya bu istiqamətdə hazırlanmış xüsusi versiya olacağı ehtimal edilir.

Luce-nin qeyri-adi dizaynı internetdə birmənalı qarşılanmasa da, ilkin satış nəticələri göstərir ki, bu tənqidlər alıcıların marağına ciddi mane olmayıb. Ferrari üçün əsas göstərici isə avtomobilin görünüşü ilə bağlı müzakirələr deyil, müştərilərin onu almağa hazır olmasıdır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.