Honda-nın premium markası Acura 40 illiyi münasibətilə Monterey Car Week çərçivəsində Nexera Vision konseptini təqdim edib. Model seriya istehsalı üçün nəzərdə tutulmasa da, markanın gələcək avtomobillərinin dizayn istiqamətini nümayiş etdirir. Konsept Acura-nın Los-Ancelesdəki dizayn studiyasında hazırlanıb və yeni, daha cəsarətli üslub xəttinin əsas elementlərini təqdim edir.
Nexera Vision uzun kapot, alçaq kuzov, iti ön hissə və mərkəzi kilidli 22-düymlük disklərlə diqqət çəkir. Karbondan kuzov elementləri və aktiv arxa spoyler konseptin idman xarakterini gücləndirir. Ən diqqətçəkən detal isə mühərrik söndürüləndə kuzovun içində gizlənən “phantom lighting” işıqlandırmasıdır. V formasındakı ön və arxa işıq imzası Acura loqosundan ilhamlanıb və gələcək seriya modellərində, ilk növbədə 2028-ci ildə gözlənilən yeni nəsil RDX Hybrid modelində tıtbiq ediləcək.
İnteryer iki nəfərlik, minimalist quruluşa malikdir. Sabit oturacaqlar, sürücüyə yönəlmiş sükan və tək geniş rəqəmsal ekran konseptin futuristik xarakterini tamamlayır. Salonda təkrar emal edilmiş dəri, alkantara, alüminium və karbondan istifadə olunub. Texniki göstəricilər açıqlanmayıb və konseptin istehsalı planlaşdırılmır. Nexera Vision-in əsas əhəmiyyəti onun özündə deyil, gələcək Acura-larda yaşayacaq dizayn üslubundadır.
AUTOGRAPH NOTE
Nexera Vision seiyaya getməyəcək, amma onun işıq imzası və dizayn üslubu gələcəyin Acura modellərində görünəcək. Bəzən konsept avtomobilinin əsas işi yollara çıxmaq deyil — istiqaməti göstərməkdir.









