Aston Martin özünün ən eksklüziv yeni layihələrindən biri olan Valen modelini təqdim edib. Məhdud saylı tirajla buraxılacaq avtomobil texniki hissəsini markanın seriya V12 modellərindən götürsə də, kuzov, aerodinamika və interyer baxımından tamamilə yeni xarakter daşıyır.
Valen-in əsasında Aston Martin şirkətinin 5,2-litrlik V12 twin-turbo mühərriki dayanır. Mühərrik 838 at gücü və 1.000 Nm fırlanma anı hasil edir və bütün gücü arxa təkərlərə ötürür. Nəticədə avtomobil 0-dan 100 km/saata 3,1 saniyəyə sürətlənir, onun maksimal sürət isə elektronika tərəfindən 344 km/saat həddində məhdudlaşdırılıb.
Bu göstəricilər onu sadəcə güclü Aston Martin etmir. Valen seriya V12 modelləri ilə müqayisədə 110 kiloqram daha yüngüldür. Opsional Lightweight Package isə çəkini əlavə olaraq 16,9 kiloqram azaldır. Bu paketə daha yüngül asqı elementləri, titandan boltlar və 21-düymlük maqnezium diskləri daxildir. Karbon-keramika əyləclər isə standart avadanlıqdır.
Valen-in ən böyük fərqi isə kuzovundadır. Avtomobil mövcud Aston Martin modellərinin alüminium konstruksiyasından istifadə etsə də, bütün xarici panellər karbondan hazırlanıb. Daha vacibi isə Valen istehsal olunan Aston Martin modellərindən heç bir ilə xarici kuzov panellərini paylaşmır.
Klassik “coke-bottle” silueti qorunur, lakin səthlər daha rəvan, kəskin və aqressivdir. Ön hissə yeni LED faralar və strukturlaşdırılmış radiator barmaqlığı, arxa hissə isə yeni işıq zolağı və buraxılış sisteminin dörd çıxış borusu ilə seçilir.
Buraxılış sistemi də avtomobilin xarakterinin əsas hissəsidir. Aston Martin 3D-çap texnologiyası ilə hazırlanmış titan elementlərdən istifadə edib. Nəticədə V12 mühərrikinin səsini daha emosional şəkildə salona çatdıran xüsusi sistem yaradılıb. Bu yanaşma avtomobilin yalnız gücünü deyil, səs və vibrasiya vasitəsilə sürücüyə verdiyi hissi də ön plana çıxarır.
İnteryerdə də standart Aston Martin həllərindən uzaqlaşma var. Ön panel və mərkəzi konsol yenidən işlənib, əsas ekran sürücüyə doğru bucaq altında yerləşdirilib. Fiziki düymələrin sayı azaldılıb, salonun rəng, material və dekorasiyası tamamilə sahibinin istəyinə uyğun seçiləcək. Monterey-də nümayiş etdirilən nümunədə qara, ağ və narıncı rənglərdən ibarət üçrəngli kombinasiyadan, xüsusi tikmə və mürəkkəb tavan naxışından istifadə olunub.
Valen-in daha bir maraqlı xüsusiyyəti arxa şüşənin olmamasıdır. Arxa görüntü güzgüyə inteqrasiya edilmiş ekran vasitəsilə təmin edilir. Bu həll avtomobilin arxa hissəsinə daha kəskin forma verir və dizaynerlərə sərbəstlik verir.
Valen-i sadəcə yüksək performanslı xüsusi buraxılış kimi qiymətləndirmək düzgün olmaz. Bu avtomobil Aston Martin-in bespoke strategiyasının zirvəsini nümayiş etdirir: mövcud texniki platforma qorunur, amma onun ətrafında konkret müştərinin zövqünə uyğun olan tamamilə yeni avtomobil yaradılır.
Tirajı cəmi 150 nüsxə ilə məhdudlaşdırılmiş avtomobilin müştərilərə çatdırılmasına 2027-ci ilin ikinci rübündə başlamaq planlaşdırılır. Aston Martin qiyməti açıqlamayıb, lakin modelin standart Vanquish-dən əhəmiyyətli dərəcədə baha olacağı gözlənilir.
AUTOGRAPH NOTE
Aston Martin son illərdə elektrikləşmə, rəqəmsallaşma və yüksək texnologiya istiqamətində hərəkət edən avtomobil sənayesinin fonunda başqa bir mesaj verir: V12, yüngül konstruksiya, səs və fərdiləşdirmə hələ də lüks avtomobilin ən güclü emosional tərəflərindən biri olaraq qalır.
Buna görə Valen sadəcə yeni Aston Martin deyil. O, markanın klassik V12 irsini müasir bespoke dünyası ilə birləşdirən 150 avtomobillik manifestdir.









