Audi 2027-ci ildə model sırasını genişləndirməyə və BMW ilə Mercedes-Benz qarşısında mövqelərini gücləndirməyə çalışacaq. Şirkətin gələn il üçün planlarına idman avtomobilləri, elektrik modelləri və yeni nəsil krossoverlər daxildir.

Ən diqqətçəkən yeniliklərdən biri yeni nəsil Audi RS6 olacaq. Model ilk dəfə həm Avant universalı, həm də sedan kuzovu ilə təklif ediləcək. Hər iki versiyanın plagin hibrid güc qurğusunu alacağı gözlənilir, lakin V8 mühərrikinin saxlanılıb-saxlanılmayacağı hələlik məlum deyil.

Audi həmçinin Concept C konseptinin seriya versiyasını təqdim etməyə hazırlaşır. Porsche ilə birgə hazırlanmış elektrik idman avtomobili arxa ötürməli olacaq və elektriklə idarə olunan Targa damı ilə seçiləcək. İstehsalın 2027-ci ildə başlanması planlaşdırılır.

“Bərkgedən” modellər sırasında ilk RS Q5 də yer alacaq. Krossoverin əsasını RS5-dən götürülmüş 2,9-litrlik, iki turbokompressorlu V6 mühərriki təşkil edən plagin hibrid güc qurğusu ilə təchiz ediləcəyi gözlənilir. RS Q5 həmçinin Sportback kuzovu ilə də təqdim oluna bilər.

Audi-nin yeni nəsil Q8 modeli də 2027-ci ildə debüt edə bilər. O, Q7-dən daha idman xarakterli, iki cərgəli kupe-krossover kimi mövqeləndiriləcək və V6, eləcə də V8 mühərrikləri ilə təklif oluna bilər.

Şirkətin yeni superkarı Nuvolari isə 2027-ci ildə müştərilərə çatdırılmağa başlayacaq. Lamborghini Temerario ilə eyni arxitekturadan istifadə edən Audi daha yüksək güc, karbon kuzov və Formula 1 texnologiyalarından ilhamlanan aktiv aerodinamika ilə fərqlənəcək. Modelin ABŞ bazarındakı qiyməti təxminən 700 min dollar olacaq.

Elektrik modelləri arasında yenilənmiş A2 e-tron da mühüm yer tutacaq. Volkswagen ID.3 Neo modelinin platformasında hazırlanan elektrik hetçbeki A1 və Q2 modellərinin yerini tutaraq Audi-nin daha əlçatan elektrik avtomobili olacaq.

Nəhayət, iri ölçülü Q9 krossoverinin mühərrik çeşidi 2027-ci ildə genişləndiriləcək. Avropada model çeşidinə V6 benzin mühərriki və plagin hibrid güc qurğusu ilə təchiz edilmiş versiyalar əlavə olunacaq. Beləliklə, Audi 2027-ci ildə həm ənənəvi “bərkgedən” modellərini yeniləməyi, həm də elektrik avtomobilləri və lüks krossoverlər seqmentində mövqelərini möhkəmləndirməyi planlaşdırır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.