Audi A2 e-tron modelində ikitərəfli şarj texnologiyasının iş prinsiplərini açıqlayıb. Yeni sistem sayəsində elektromobil yalnız elektrik enerjisi qəbul etməyəcək, həm də batareyasında toplanan enerjini məişət cihazlarına və evin elektrik şəbəkəsinə ötürə biləcək.
Texnologiyanın əsasını yenilənmiş OCDC 2.0 bloku təşkil edir. Bu qurğu bort şarj cihazını və DC/DC çeviricisini birləşdirir. Əvvəlki sistemdə bort şarj cihazı şəbəkədən gələn dəyişən cərəyanı (AC) batareya üçün sabit cərəyana (DC) çevirirdisə, yeni versiya enerjinin əks istiqamətdə ötürülməsini də dəstəkləyir.
Vehicle-to-Load (V2L) funksiyası avtomobilin batareyasından xarici cihazları qidalandırmağa imkan verir. Audi A2 e-tron-da adapter vasitəsilə xarici çıxışdan 3,6 kVt, baqaj bölməsindəki əlavə rozetkadan isə 2,3 kVt güc almaq mümkündür.
Beləliklə, noutbuk, soyuducu, elektrik velosipedi və digər məişət cihazlarını avtomobilin batareyası hesabına işlətmək olar. Bir neçə cihaz qoşulduqda ümumi güc 3,6 kVt həddini keçməməlidir.
Vehicle-to-Home (V2H) funksiyası isə avtomobilin batareyasındakı enerjini evin elektrik şəbəkəsinə ötürür. Bunun üçün 11 kVt gücündə ikitərəfli DC divar şarj cihazından istifadə olunur. Audi bu məqsədlə Moon Power sistemini tövsiyə edir.
Belə qurğu günəş panellərindən əldə olunan enerjinin avtomobilin batareyasında saxlanmasını və sonradan evdə istifadə edilməsini də asanlaşdırır. Bununla belə, ikitərəfli DC şarj cihazları adi qurğulardan xeyli bahadır.
Enerjinin avtomobillə ev arasında ötürülməsi yalnız batareyanın doluluq səviyyəsi 20–80 faiz arasında olduqda mümkündür. 20 faizdən aşağı səviyyədə avtomobil yalnız enerji qəbul edir, 80 faizdən yuxarı olduqda isə enerjini evə ötürür.
Audi A2 e-tron versiyadan asılı olaraq 50 və ya 58 kVt·saatlıq LFP, yaxud 79 kVt·saatlıq NMC batareya ilə təklif olunur. Şirkət yeni batareyaların idarəetmə alqoritmini də təkmilləşdirib.
Xüsusilə LFP hüceyrələrində şarj səviyyəsinin hesablanmasını çətinləşdirən gərginlik dəyişiklikləri nəzərə alınaraq, yürüş ehtiyatının və batareyanın vəziyyətinin daha dəqiq müəyyənləşdirilməsi hədəflənib.
Qeyd edək ki, Audi ikitərəfli şarj texnologiyasını Q4 e-tron modelində də tətbiq edib. A2 e-tron isə bu funksiyanı bazara çıxarıldığı ilk gündən dəstəkləyəcək.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









