Audi-nin BMW i3 və Mercedes-Benz C-Class modellərinə rəqib olacaq tam elektrikli A4 sedanının istehsalı planlaşdırılandan bir il gec başlayacaq. “Autocar” nəşrinin şirkət daxilindəki mənbəyə istinadən yaydığı məlumata görə, modelin istehsalına əvvəlcə 2028-ci ildə İnqolştadtdakı zavodda başlanması nəzərdə tutulurdu.
Gecikmənin əsas səbəbləri Volkswagen Group-un maliyyə çətinlikləri, Scalable Systems Platform (SSP) arxitekturası ilə bağlı proqram təminatı problemləri və avtomobilin konstruksiyasında planlaşdırılan dəyişikliklərdir.
Məlumata görə, Audi elektrik A4-ün salonunda ənənəvi sedanlara xas oturuş mövqeyini və interyer nisbətlərini qorumaq istəyir. Bu səbəbdən şirkət ön və arxa sərnişinlər üçün xüsusi ayaq yeri konstruksiyası tələb edib. Nəticədə, elektrik avtomobillərində geniş istifadə olunan tam düz döşəmə həllindən imtina edilə bilər.
Digər yenilik isə 12 voltluq əvəzinə 48 voltluq elektrik sisteminin tətbiqidir. Bu yanaşma daha nazik naqillərdən və güclü elektron idarəetmə bloklarından istifadə etməyə imkan verir.
Audi-nin gecikməsi SSP platformasının digər modellərinə də təsir edən problemlər fonunda baş verir. Bu arxitektura üzərində qurulacaq ilk avtomobillərin 2026-cı ildə istehsala başlaması planlaşdırılsa da, hələlik platformanın seriya modeli konveyerdən çıxmayıb. Volkswagen ID. Golf-un təqdimatı da gecikdirilib.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









