Audi uzun illərdir ki, premium SUV seqmentində uğur qazansa da, model sırasında həmişə bir boşluq hiss olunub. Q7 və Q8 modelləri alman markasının ən iri krossoverləri olsalar da, BMW X7, Mercedes-Benz GLS və Range Rover kimi tamölçülü flaqman modellərinə birbaşa rəqib deyildilər. İndi isə bu boşluq aradan qalxıb. Audi tarixində ilk dəfə tamölçülü lüks SUV təqdim edərək model sırasının zirvəsinə Q9 krossoverini yerləşdirib.
Audi Q9Audi Q9
Yeni flaqman ilk növbədə, iri krossoverlərə tələbatın yüksək olduğu ABŞ və Asiya bazarları üçün yaradılıb. Audi rəhbərliyi də Q9-un yaradılmasının əsas məqsədinin məhz bu seqmentdə öz mövqelərini gücləndirmək olduğunu bildirir. Bununla belə, model Avropada da satışa çıxarılacaq və Almaniyada sifarişlərin qəbuluna artıq start verilib.
Uzunluğu 5,31 metr, təkər bazası isə 3,14 metr olan Q9 indiyədək istehsal edilmiş ən böyük Audi modelidir. Standart olaraq yeddi yerlik salonla təklif olunan avtomobili ikinci sırada iki ayrıca "kapitan" oturacağı olan altıyerlik versiyada da sifariş etmək mümkündür. Üçüncü cərgənin elektrik ötürücülü oturacaqları, 1,5 kvadratmetrdən artıq sahəyə malik olan panoram dam, beş zonalı iqlimə nəzarət sistemi və avtomatik açılıb-bağlanan qapılar modelin komfort səviyyəsini premium sinfin tələblərinə uyğunlaşdırır.
Audi SQ9
Eksteryer trtibatına gəldikdə isə Audi son illərin dizayn dilini daha monumental ölçülərlə təqdim edir. Böyük Singleframe radiator barmaqlığı, yüksək kapot xətti, Digital Matrix LED ön fənərlər və kuzovla ahəngdar şəkildə birləşdirilmiş əyri OLED arxa işıq elementləri Q9-un fərqləndirici xüsusiyyətləridir. Audi bu modeldə yeni işıq texnologiyasından da istifadə edib: dönmə zamanı dinamik işıq siqnalları yol səthinə proyeksiya olunur və digər hərəkət iştirakçılarının diqqətini daha yaxşı cəlb edir.
Audi SQ9
Salon isə rəqəmsal texnologiyalarla zəngindir. 11,9 düymlük rəqəmsal cihazlar paneli, multimedia sisteminin 14,5 düymlük mərkəzi ekranı və ön sərnişin üçün ayrıca 10,9 düymlük displey vahid rəqəmsal kokpit yaradır. Android əsaslı multimedia sistemi simsiz Apple CarPlay və Android Auto dəstəyi, tətbiqlərin birbaşa quraşdırılması və səsli idarəetmə funksiyaları ilə təchiz olunub. Opsiyaların siyahısına Bang & Olufsen 4D audio sistemi, havalandırmalı və masaj funksiyalı oturacaqlar, həmçinin şəffaflığı dəyişdirilə bilən panoram dam da daxildir.
Audi Q9
Avropa bazarında satışa çıxarılan ilk versiya 299 at gücü və 630 Nm fırlanma anı hasil edən 3,0 litrlik V6 TDI dizel mühərriki ilə təklif olunur. Güc aqreqatı səkkizpilləli Tiptronic avtomatik ötürmələr qutusu və daimi quattro tam ötürmə sistemi ilə birlikdə çalışır. MHEV plus yüngül hibrid sistemi yanacaq sərfiyyatını azaltmaqla yanaşı, sürətlənmə zamanı əlavə elektrik dəstəyini də təmin edir. Standart adaptiv pnevmatik asqı, opsional tam idarələnən şassi və 23 düymədək diaqonalı olan təkərlər iri ölçülərinə baxmayaraq Q9-un idarəetməsini çevik saxlamağa imkan verir.
Audi Q9
Şimali Amerika bazarı üçün isə 429 at güclü 2,9 litrlik V6 benzin turbomühərriki nəzərdə tutulub. Bərkgedən SQ9 versiyası 591 at gücü hasil edən 4,0 litrlik V8 biturbo aqreqatı ilə təchiz edilir. Audi-nin məlumatına görə, SQ9 100 km/saata 4,0 saniyəyə sürətlənir.
Q9 ailəsi Slovakiyanın Bratislava şəhərində yerləşən Volkswagen Group zavodunda istehsal olunacaq. Bu müəssisə uzun illərdir ki, Audi Q7 və Q8 modellərinin də yığımını həyata keçirir və konsernin iri krossoverlərinin əsas istehsal mərkəzlərindən biri hesab olunur.
Yeni Q9-un təqdimatı Audi üçün sadəcə daha bir modelin debütü deyil. Bu avtomobil markanın tamölçülü premium SUV seqmentinə ilk ciddi addımı, eyni zamanda gələcək inkişaf strategiyasının vacib hissəsidir. Ölçüləri, texnologiyaları və komfort səviyyəsi ilə Q9 artıq Audi model sırasının yeni flaqmanı olmaq iddiasını ortaya qoyur.









