Bentley şirkətinin fərdi sifarişlər üzrə çalışan Mulliner bölməsi Günəş, Yer və Ayın obrazlarından ilhamlanan üç xüsusi Continental modelini təqdim edib. Nicolaus Copernicus Collection adlanan kolleksiyaya iki Continental GT S kupesi və bir Continental GTC S kabrioleti daxildir. Layihə Bentley-nin Polşadakı rəsmi idxalçısı Bentley Warsaw ilə birgə hazırlanıb və 21 sentyabr 2026-cı ildə təqdim edilib.
Kolleksiya Günəş sisteminin mərkəzində Günəşi yerləşdirən heliosentrik nəzəriyyənin müəllifi, polşalı astronom Nikolay Kopernikin şərəfinə adlandırılıb. Üç avtomobilin hər biri ayrı-ayrı səma cisminə həsr olunub və bu ideya həm kuzovun rəngində, həm də salonun tərtibatında öz əksini tapıb.
Avtomobilləri birləşdirən əsas detal Bentley-nin Copernicus Compass adlandırdığı, Günəş sisteminin səkkiz planetini əks etdirən qrafikadır. Bu motiv mərkəzi konsolda, oturacaqların üzlüyündə, qapı panellərində, salona giriş işıqlarında və kabrioletin dam örtüyünün arxa hissəsində tikmə-naxış və relyef elementləri şəklində işlənib. Salonda ənənəvi ağac və karbon dekor əvəzinə təbii daş örtüklərdən də istifadə olunub.
Günəşə həsr edilən Continental GTC S modeli Manuka Orange adlı narıncı kuzov rənginə malikdir. Salonunda Orange və Gravity Grey rəngli dəri üzlüklər, eləcə də mis çalarlı Copper Stone daş dekoru yer alıb. Narıncı tikişlər və xalçaların eyni rəngli haşiyələri avtomobilin ümumi rəng konsepsiyasını tamamlayır.
Yer planetini təmsil edən model xüsusi hazırlanmış Nebula Blue rəngindədir. Salonda Imperial Blue və Aegean Blue çalarlarında dəri üzlüklər, Galaxy Stone daş dekoru və gümüşü tikişlərdən istifadə olunub. Mərkəzi konsol da Imperial Blue rəngində işlənib.
Ayı təmsil edən ikinci Continental GT S isə Moonstruck adlı gümüşü rəngə boyanıb. Salonun tərtibatında tünd Beluga dərisi və Ice rəngli elementlərdən istifadə edilib. Bu rənglər oturacaqlarda, mərkəzi konsolda, cihazlar panelində və qapı dekorlarında davam etdirilib.
Kolleksiyaya daxil olan hər üç avtomobil eyni güc qurğusu ilə təchiz olunub. Tərkibinə 4,0-litrlik V8 biturbo benzin mühərriki və elektrik mühərriki daxil olan plagin hibrid sistem 671 at gücü hasil edir. Avtomobillər 22-düymlük, onmilli qara disklər və karbon-keramika əyləc sistemi ilə təchiz olunublar.
Nicolaus Copernicus Collection Bentley Mulliner-in fərdi sifariş imkanlarını nümayiş etdirən xüsusi layihədir. Avtomobillərin texniki göstəriciləri standart Continental GT S və GTC S modelləri ilə eyni saxlanılıb, əsas fərq isə dizayn, materiallar və fərdi tərtibatdadır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materiallarınköçürülməsivə yahərhansı formadaistifadəsiyalnızAutograph.az-aaktivkeçidgöstərilməklə mümkündür.









