Bentley ilk elektrik modeli Torcal üçün Mulliner fərdiləşdirmə bölməsinin hazırladığı ilk xüsusi layihəni təqdim edib. FRGMT adlanan bu eksklüziv buraxılış yapon dizayner Hiroşi Fucivaranın üslubunu əks etdirir və cəmi 20 avtomobildən ibarət olacaq.
Layihə Torcal First Edition versiyası əsasında hazırlanıb. Bentley-nin qlobal brend səfiri olan Fucivara 40 ildən artıqdır ki, moda, musiqi və dizayn sahələrində fəaliyyət göstərir. O, 2003-cü ildə Fragment Design brendini yaradıb. Markanın əsas xüsusiyyəti olan minimalist, əsasən qara və ağ rənglərə söykənən üslub yeni avtomobilin eksteryerində və interyerində də öz əksini tapıb.
Torcal FRGMT xüsusi seriyasının bütün avtomobilləri Beluga adlı qara rəngə boyanıb. Tündləşdirilmiş kuzov elementləri, qara örtüklü 22 düymlük Vortex diskləri və Anthracite Satin dekorativ detalları avtomobilin monoxrom görünüşünü tamamlayır. FRGMT loqotipləri isə ön qanadlarda və arxa hissədə yerləşdirilib.
Salonda Mulliner ustaları Imperial Blue və Beluga rəngli dəri üzlükləri birləşdiriblər. Əl tikişləri ilə işlənmiş interyer piano black dekorativ panellərlə tamamlanır. Xüsusi kandar üzlüklərində və qapı panellərində Bentley x FRGMT nişanlarından istifadə edilib.
Hiroşi Fucivara Bentley markası ilə əvvəllər də əməkdaşlıq edib. O, vaxtilə Continental GT modelinin sahibi olub və Britaniyanın Krü şəhərində yerləşən Bentley zavoduna səfəri zamanı Mulliner mütəxəssislərinin əl işindən və detallara diqqətindən təsirlənib.
Bentley FRGMT seriyasının hər bir avtomobilinin qiymətini açıqlamayıb. Həmçinin 20 avtomobildən neçəsinin hələ sifariş üçün əlçatan olduğu məlum deyil. Xüsusi buraxılışın əsasını təşkil edən Torcal First Edition ABŞ bazarında 300 min dollardan baha qiymətləndirilir. Buna görə də FRGMT versiyasının qiymətinin bu məbləği xeyli üstələyəcəyi gözlənilir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









