BMW gələn il model çeşidini genişmiqyaslı yeniləməyə hazırlaşır. “Motor1” nəşrinin proqnozuna görə, 2027-ci ildə Almaniya markası 10 yeni və yenilənmiş avtomobil təqdim edə bilər. Siyahıda elektrik modelləri, yüksək performanslı M versiyaları və lüks Alpina ailəsinin yeni nümayəndəsi var.

Gələn ilin maraqlı yeniliklərindən biri BMW i1 olacaq. Markanın giriş səviyyəli elektrik modeli kimi mövqeləndirilməsi gözlənilən avtomobilin arxa ötürməli xüsusi elektromobil platformasında qurulacağı bildirilir. Onun təqdimatının 2027-ci ilin ikinci yarısında baş tutacağı ehtimal edilir.

Kompakt krossoverlər də diqqətdən kənarda qalmayacaq. BMW X1 yenilənəcək, elektrik iX1 isə yeni nəsilə keçərək xüsusi elektromobil platformasına əsaslanacaq. X2 və iX2 modelləri də yenilənmələri alacaqlar, lakin onların mövcud platformanı qoruyacağı gözlənilir. Digər yenilik isə i3 Touring olacaq – elektrik sedanın daha geniş baqaj bölməsinə malik universal versiyası.

BMW-nin idman modelləri arasında ən çox diqqət çəkən yenilik tam elektrikli M3-dür. Dörd elektromotorla təchiz ediləcək modelin təxminən 800 at gücünə malik olacağı gözlənilir. Eyni güc qurğusunun daha sonra elektrik X3 M-də də istifadə ediləcəyi bildirilir. X4 M-in elektrik versiyası da bu ailəyə qoşula bilər.

5 Series ailəsi də ciddi yenilənəcək. Sedan və Touring versiyaları ilə yanaşı, elektrik i5 və plagin-hibrid M5 modelləri də Neue Klasse dizayn üslubunda yeni interyerə və texnologiyalara sahib olacaqlar. Bununla belə, i5-in hazırkı platformasını qoruyacağı gözlənilir.

SUV seqmentində isə yeni nəsil X7 debüt edə bilər. İlk dəfə olaraq modelin tam elektrikli iX7 versiyası da təqdim ediləcək. BMW-nin yeni Alpina markası altında hazırladığı lüks 7 Series də 2027-ci ilin diqqətçəkən yeniliklərindən biri olacaq. Bu modelin xüsusi V8 mühərriki və elektrik versiyası ilə təklif ediləcəyi bildirilir.

Qeyd edək ki, “Motor1”in siyahısındakı bütün modellər və təqdimat tarixləri BMW tərəfindən rəsmi təsdiqlənməyib. Buna görə də bəzi yeniliklər hazırda sənaye mənbələrinə əsaslanan proqnozlar kimi qiymətləndirilməlidir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.