BMW yeni nəsil iX3 elektromobilinin model çeşidini genişləndirib. Ailənin yeni flaqmanı olan iX3 M60 xDrive 450 kVt (612 at gücü) gücündə ikimühərrikli elektrik qurğusu, 875 Nm fırlanma anı və idman üslublu detalları ilə seçilir. Daha əlçatan iX3 40 xDrive versiyası da artıq sifariş üçün konfiquratora əlavə olunub.
BMW iX3 M60 xDrive 108,7 kVt/saatlıq batareya ilə təchiz edilir və WLTP ölçmə dövrünə əsasən dolu batareya ilə 754 kilometrədək məsafə qət edə bilir. Elektromobil 0-dan 100 km/saata 3,9 saniyəyə sürətlənir, maksimal sürəti isə 240 km/saatdır. Modelin sifarişləri 2027-ci ilin yanvarından qəbul edilməyə başlanacaq. Hələlik onun qiyməti açıqlanmayıb.
M60 xDrive versiyası standart iX3 modellərindən fərqli işıq qrafikası ilə seçilir. Ön hissədəki sarı rəngli M Yellow Lights elementləri yaxın işıqlar yandırıldıqda görünür. Bundan başqa, model 21-düymlük təkər diskləri, adaptiv idman asqısı, dəyişən ötürmə nisbətinə malik idman sükanı və M Sport diferensialı ilə təchiz olunur.
Model ailəsinə yeni qoşulan iX3 40 xDrive isə 275 kVt gücündə tam ötürməli elektrik sistemi və 82,6 kVt/saatlıq batareya ilə təklif edilir. O, 0-dan 100 km/saata 5,6 saniyəyə sürətlənir və WLTP standartına əsasən 516–621 kilometr yürüş ehtiyatına malikdir. Almaniyada bu versiyanın qiyməti 65 900 avrodan başlayır.
Beləliklə, BMW iX3 artıq dörd versiyada təklif olunur: arxa ötürməli iX3 40, tam ötürməli iX3 40 xDrive və iX3 50 xDrive, eləcə də yeni idman xarakterli M60 xDrive. Ən böyük yürüş ehtiyatı isə hələ də 50 xDrive versiyasına məxsusdur — WLTP dövrünə əsasən 805 kilometr.
Bütün versiyalar Neue Klasse platforması üçün hazırlanmış altıncı nəsil eDrive texnologiyasından istifadə edir. 800 voltluq elektrik arxitekturası sayəsində böyük batareyalı modelləri uyğun stansiyada 10 faizdən 80 faizə qədər təxminən 21 dəqiqəyə doldurmaq mümkündür. M60 xDrive-da sabit cərəyanla (DC) maksimal şarj gücü 400 kVt, dəyişən cərəyanla (AC) isə 22 kVt təşkil edir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









