Bugatti xüsusi sifarişlər üzrə fəaliyyət göstərən Solitaire bölməsinin yeni layihəsini təqdim edib. Destrier adlanan unikal hiperkar ekstremal trek avtomobili - Bolide modelinin əsasında hazırlansa da, daha zərif dizaynı və dəbdəbəli interyeri ilə fərqlənir.

Destrier adını orta əsr cəngavərlərinin döyüş atlarından alıb. Dizaynda da bu mövzu hiss olunur: Bolide-in iri aerodinamik elementləri daha axıcı xətlərlə əvəz edilib, ön hissədə isə daha böyük at nalı formalı radiator barmaqlığı, xrom detallarla vurğulanan Bugatti C-Line və tamamilə yeni işıq qrupları istifadə olunub. Arxa hissədə nəhəng qanad yerini kuzovla inteqrasiya olunmuş zərif aerodinamik elementə verib. 

Texniki baxımdan Destrier dəyişməyib. Karbon monokok üzərində inşa edilmiş hiperkar 8,0 litrlik dörd turbokompressorlu W16 mühərriki ilə təchiz edilir. 1600 at gücü hasil edən aqreqat 7-pilləli ikimuftalı transmissiya ilə birlikdə çalışır. Ötürmə məlum məsələdir ki, bütün təkərlərədir. 

İnteryerdə isə məqsəd trek avtomobilinin sərt atmosferini daha dəbdəbəli mühitlə əvəz etmək olub. Qəhvəyi dəri üzlüklər, zolaqlı işləmələr, üçölçülü toxunmuş tekstil, mis saplarla işlənmiş dekorativ elementlər və orta əsr zirehlərini xatırladan metal detallar Destrier-ə fərqli xarakter qazandırır. 

Bugatti avtomobilin qiymətini açıqlamayıb. Lakin cəmi bir nüsxədə hazırlanan Destrier-in, təxminən 4,8 milyon dollarlıq Bolide-dən daha bahalı olacağı gözlənilir. Model avqustun 16-da keçiriləcək Pebble Beach Concours d'Elegance sərgisində ilk dəfə ictimaiyyət qarşısında nümayiş etdiriləcək. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

XX əsrdə xüsusi kuzovlar (coachbuilding) Rolls-Royce, Bugatti və Hispano-Suiza kimi markaların ayrılmaz hissəsi idi. Destrier həmin ənənənin müasir davamıdır: eyni texniki platforma üzərində tamamilə fərqli xarakterə malik, yalnız bir müştəri üçün yaradılmış avtomobil.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.