Haaqadakı məhkəmə BYD Ti7 modelinin Avropa İttifaqında satışını qadağan edib. Jaguar Land Rover (JLR) Çin istehsalçısını Land Rover Defender-in dizayn hüquqlarını pozmaqda ittiham edir. Xatırladaq ki, bu SUV bizim bazarda BYD Leopard 7 DM-i adı altında təklif olunur.
Noyabrın 20-də çıxarılan qərara əsasən, BYD Ti7 modelinin eksteryeri Defender-in Avropada patentləşdirilmiş dizayn hüquqlarını pozur. Məhkəmə avtomobilin xarakterik və fərqləndirici elementlərinin BYD modelində təkrarlandığı qənaətinə gəlib. Qadağa qərardan bir həftə sonra qüvvəyə minəcək və Avropa İttifaqında satışa şamil olunacaq. Böyük Britaniya bazarı isə qərarın əhatə dairəsinə daxil deyil.
JLR-nin hüquqi addımı Çin istehsalçısının Britaniya saytında BYD-nin Ti7 üçün sifariş qəbul edilməsindən sonra atılıb. Çində Fang Cheng Bao Tai 7 adı ilə 2025-ci ildən satılan yeddi yerlik SUV-un Avropaya tədarükü 2027-ci ilin yanvarına planlaşdırılırdı.
Ti7 təxminən beş metr uzunluğundadır və ölçü baxımından Defender 110 ilə rəqabət aparır. Onun gözlənilən 50 min funt sterlinqlik qiyməti isə Defender 110-un ən əlçatan versiyasından təxminən 20 min funt ucuzdur. Model 1,5-litrlik benzin mühərriki və plug-in hibrid sistemi ilə təklif olunur. SUV elektrik rejimində təxminən 127 kilometr məsafə qət edə bilir.
Bu qərar JLR ilə BYD arasında davam edən müəllif hüquqları mübahisəsindən ayrıdır. Avqust ayında JLR nümayəndələri BYD-nin Niderlanddakı ofislərindən rəqəmsal faylları məhkəmə qərarı ilə götürmüşdülər. Lakin Haaqa məhkəməsi noyabrda həmin materialların məhv edilməsini tələb etmişdi.
JLR bəyan edib ki, intellektual mülkiyyətini qoruyur və zəruri hallarda hüquqi tədbirlər görür. BYD isə əvvəlki qərara etiraz etdiyini və Ti7-nin müstəqil dizayna malik olduğunu bildirir.
Bu, JLR-nin Çin istehsalçısına qarşı ilk uğurlu dizayn mübahisəsi deyil. Şirkət daha əvvəl Range Rover Evoque-a bənzəyən LandWind X7 ilə bağlı məhkəmə prosesində qalib gəlmişdi. BYD Ti7 ilə bağlı yeni qadağa isə Çin markasının Avropadakı genişlənmə planlarına təsir göstərə bilər.
Bu satış qadağası Çin avtomobil istehsalçılarını dizayn məsələlərində daha ehtiyatlı davranmağa məcbur edə və JLR ilə digər markalar arasında oxşar hüquqi mübahisələr üçün presedent yarada bilər.
@ 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









