Genesis GV90 modelini təqdim etməklə premium SUV seqmentində daha yüksək liqaya keçməyə hazırlaşır. Markanın yeni flaqmanı tam elektrikli platforma üzərində qurulub və iki kuzov uzunluğu ilə təklif ediləcək. Standart versiyada iki və ya üç oturacaq sırası seçimi mümkün olacaq, daha uzun Neolun variantı isə hərəkətin əksi istiqamətində açılan qapıları və daha dəbdəbəli dördyerli salonu ilə seçiləcək.

GV90 Genesis üçün xüsusi hazırlanmış yeni eMP platformasına əsaslanır. Model 123,5 kilovat/saatlıq batareya, 350 kilovata qədər sürətli şarj və onun 10%-dən 80%-ə təxminən 22 dəqiqəyə dolma imkanı ilə təklif olunur. İlkin məlumata görə yürüş ehtiyatı təxminən 500 kilometr səviyyəsində olmalıdır. İki elektromotor birlikdə 647 at gücü və 800 Nm hasil edir. 

Genesis GV90-da çoxkameralı pnevmatik asqı və arxa oxun idarə olunması kimi texnologiyalar da yer alıb. Bu həllər xüsusilə böyük ölçülü krossoverlərin şəhərdə manevr qabiliyyətini və yüksək sürətdə stabilliyini yaxşılaşdırmağa yönəlib. Avtomobilin kütləsi təxminən 3 ton olduğundan 647 at gücünün burada əsas məqsədi yalnız sürət deyil, böyük kuzovun rahat və inamlı hərəkətini təmin etməkdir. 

Dizayn Genesis-in son illərdə formalaşdırdığı minimalist istiqaməti daha böyük ölçüdə təqdim edir. Dairəvi səthlər və təmiz xətlər Koreya keramika ənənəsindən ilham alır. Ön hissədə kuzovun enini vizual olaraq birləşdirən gizli işıq elementləri, arxada isə eyni motivi davam etdirən ikiqat işıq imzası istifadə olunur. Təkər ölçüləri 22 düymdən başlayır, Neolun versiyasında isə 24 düymlük disklər standartdır. 

Salon GV90-ın ən iddialı tərəflərindən biridir. Mərkəzdə yerləşən 23,6 düymlük vahid ekran avtomobilin əsas funksiyalarını idarə edir və park vəziyyətində paneldən daha 90 millimetr yuxarı qalxaraq 24,6 düymə qədər böyüyür. Onun qarşısında 25 düymlük proyeksiya displeyi yerləşir. Fiziki düymələrin sayı minimuma endirilsə də, əsas funksiyalar üçün klassik idarəetmə elementləri saxlanılıb. 

Neolun Executive Suite isə GV90-ı tamamilə başqa səviyyəyə çıxarır. Burada ikinci sıranın adi oturacaqlarının əvəzinə iki kapitan kreslosu, böyük mərkəzi konsol və soyuducu yerləşdirilir. Döşəmədə həqiqi ağac örtükdən istifadə olunub və o, isitmə sistemi ilə təchiz edilib. Geniş şəkildə istifadə olunan dəri elementlər daxili məkanı daha çox luks salon atmosferinə yaxınlaşdırır. Arxa yük bölməsi isə ayrıca şüşə panel ilə sərnişin salonundan ayrılır. 

Genesis-in GV90-la əsas məqsədi sadəcə böyük və güclü elektrik krossoveri yaratmaq deyil. Model Range Rover, Mercedes-Maybach GLS və digər ultra-lüks SUV-lara alternativ kimi nəzərdə tutulur. Markanın Avropada 2021-ci ildən başlayan genişlənməsi də davam edir və Genesis 2027-ci ilə qədər Avropadakı mövcudluğunu daha da gücləndirməyi planlaşdırır. 

GV90 əvvəlcə 2027-ci ildə Cənubi Koreyada satışa çıxacaq, daha sonra onun Avropa bazarında debütü planlaşdırılır. Qiymət hələlik açıqlanmayıb, lakin modelin altı rəqəmli qiymət zonasına çıxacağını gözləyir. 

Genesis GV90 ilə özünü premium markadan daha yuxarı mövqeyə yerləşdirmək istəyir. Böyük kuzov və güc, uzunmüddətli rahatlıq və xüsusilə Neolun versiyasının arxa sərnişinlərə yönələn quruluşu bunu açıq şəkildə göstərir.

GV90 Genesis üçün sadəcə yeni SUV deyil. O, Koreya markasının qlobal lüks bazarında daha yuxarı səviyyəyə çıxmaq cəhdidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

Genesis uzun müddət premium avtomobil dünyasında alternativ hesab olunurdu. GV90 isə artıq alternativ olmaq deyil, seçimlərin ön sırasına daxil olmaq iddiasındadır.

Əsl sual budur: lüksün yeni ünvanı Almaniya və Britaniyada deyil, Seulda yarana bilərmi?

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.