Toyota Land Cruiser Prado onsuz da iri və əzəmətli görünüşü ilə seçilir. Almaniyanın H&R şirkəti isə J25 kuzovlu ofrouder üçün hazırladığı asqı komponentləri ilə Prado-ya daha idman xarakteri verməyi təklif edir.
Əsas yenilik qısaldılmış yaylardır. Onların quraşdırılması nəticəsində kuzovun ön hissəsi təxminən 30 millimetr, arxa hissəsi isə 35 millimetr aşağı düşür. Nəticədə avtomobilin ağırlıq mərkəzi də aşağı düşür ki, bu da döngələrdə hündür kuzovun yana əyilmələrini müəyyən qədər azalmasına gətirib çıxarır.
H&R bildirir ki, bu dəyişiklik gündəlik və uzun məsafəli istifadə zamanı komfortu qoruyur, klirens isə kifayət səviyyədə qalır. Maksimal yükdaşıma qabiliyyəti də zavod göstəricisində saxlanılır.
Land Cruiser-in görünüşünü də dəyişmək istəyənlər üçün təkər izini genişləndirən H&R “Trak+” dəsti də təklif edir. Alüminiumdan hazırlanan bu komponentlər hər ox üzrə ən azı 46 millimetr genişlənməni təmin edir. Genişləndiricilər gümüşü və ya qara anodlaşdırılmış formada sifariş edilə bilər və onlar həm zavod, həm də tünerin təklif etdiyi disklərin qanadlarla bərabər səviyyədə yerləşməsinə imkan verirlər.
H&R-in məlumatına görə, bütün komponentlər lazımi texniki təsdiqlərə malikdir və Almaniyada istehsal olunurlar. Lizinq avtomobillərində isə asqı dəyişikliklərini sonradan iz qoymadan geri qaytarmaq mümkündür.
Komponentlər 2024-cü ildən istehsal olunan, 2,8-litrlik dizel mühərrikli və 4WD sistemli Toyota Land Cruiser Prado, o cümlədən MHEV versiyası üçün nəzərdə tutulub. Hündürlüyü azaldan yay dəstinin qiyməti 722 avro, “Trak+” genişləndirici dəstinin qiyməti isə 304 avrodan başlayır. Göstərilən qiymətlər 2026-cı ilin avqust ayına aiddir.
© 2000–2026 Autograph.az. Bütünhüquqlarqorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









