Jaguar-ın tamamilə elektromobillərə keçid strategiyası müzakirələrə səbəb olsa da, markanın yeni modeli potensial müştərilərin diqqətini cəlb etməyi bacarıb. Şirkətin açıqlamasına görə, dünya üzrə 50 mindən çox insan Jaguar-ın elektrik gələcəyi ilə maraqlandığını bildirib. Onların təxminən 80 faizi isə əvvəllər bu markanın avtomobilinə sahib olmayıb.
Jaguar-ın rəhbəri Roudon Qlover Avstraliyanın “Drive” nəşrinə maraqlı şəxslərlə mütəmadi olaraq əlaqə saxlandığını bildirib. Bu göstərici şirkətin yeni strategiyasının ənənəvi müştərilərdən kənarda da maraq doğurduğuna işarə edir.
Markanın yeni dövrünə Type 01 adlı dördqapılı Gran Turismo elektrokarı başçılıq edəcək. Bu avtomobil Jaguar-ın həm dizaynını, həm də bazardakı mövqeyini dəyişmək planının əsas hissəsidir. Şirkət daha eksklüziv lüks seqmentə yönəlir və əvvəlki modellərin alıcılarından fərqli, dizayna, texnologiyaya və fərdiliyə üstünlük verən daha varlı müştəriləri cəlb etməyə çalışır.
Jaguar rəhbərliyi bu dəyişikliklərin bütün ənənəvi müştərilərin xoşuna gəlməyəcəyini qəbul edir. Roudon Qlover daha əvvəl yeni və bahalı elektromobillərə keçid zamanı mövcud alıcıların 85 faizədək hissəsinin başqa markalara üz tuta biləcəyini bildirmişdi. Buna baxmayaraq, şirkət köhnə müştərilərin hamısını saxlamaq əvəzinə, yeni auditoriya qazanmağa üstünlük verir.
Jaguar daxiliyanma mühərriklərindən və plagin hibridlərdən imtina edərək tam elektrikli lüks marka olmaq strategiyasını davam etdirmək niyyətindədir. Şirkət hesab edir ki, əvvəlki mövqeyindən daha eksklüziv seqmentə keçid onun gələcəkdə iqtisadi cəhətdən dayanıqlı olmasına kömək edə bilər.
Bununla belə, 50 mindən çox insanın maraq göstərməsi hələ real satış demək deyil. Type 01-in əsas sınağı potensial müştərilərin bu marağını sifarişlərə və alışlara çevirmək olacaq. Jaguar-ın yeni strategiyasının uğurlu olub-olmadığını isə yalnız avtomobil bazara çıxdıqdan sonra qiymətləndirmək mümkün olacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









