Jeep altıncı nəsil Cherokee modelinin Trailhawk versiyasını təqdim edib. Yeni modifikasiya daha ciddi ofroud imkanları ilə seçilir: asqı qaldırılıb, klirens artırılıb, ofroud şinləri və iki pilləli paylayıcı qutu əlavə edilib.
Trailhawk versiyasının xarici görünüşündə dəyişikliklər böyük deyil. Ön hissədə parlaq qara elementlər, qırmızı yedəkləmə ilgəkləri və yenilənmiş bamper diqqət çəkir. Arxa hissədə də qırmızı yedəkləmə qarmaqları və Trailhawk yazısı yer alır.
Model 17-düymlük disklər və Nexen Rodian ATX ofroud şinləri ilə təchiz olunur. Asqının 25 millimetr qaldırılması nəticəsində klirens 229 millimetrə çatıb. Giriş bucağı 19,6-dan 28,8 dərəcəyə, çıxış bucağı 29,4-dən 31,8 dərəcəyə, keçid bucağı isə 18,8-dən 21,9 dərəcəyə yüksəlib.
Avtomobil 610 millimetr dərinliyə qədər su maneələrini dəf edə bilir. Kuzovun alt hissəsi əlavə qoruyucu lövhələrlə örtülüb.
Salonun tərtibatında da Trailhawk-a xas dəyişikliklər edilib. Oturacaqlar Mantis Green rəngli üzlüklə, qırmızı tikişlərlə və kürək hissəsində naxışlarla tamamlanır. Radical Red rəngli dekor elementləri və qara cilalanmış alüminium əlavələr də diqqət çəkir. Sürücü qarşısında 10,25-düymlük rəqəmsal cihazlar paneli, mərkəzdə isə 12,3-düymlük multimedia ekranı yerləşir.
Jeep Cherokee Trailhawk hibrid güc qurğusunu qoruyub. Sistem 1,6-litrlik turbomühərrik və iki elektromotordan ibarətdir. Ümumi güc 213 at gücü, fırlanma anı isə 312 Nm təşkil edir. Sistem 1,08 kilovat/saatlıq kiçik batareyadan istifadə edir.
Əsas yeniliklərdən biri Active Drive II 4×4 tam ötürmə sistemidir. Trailhawk versiyasında iki pilləli paylayıcı qutu və aşağı ötürmə əlavə edilib. Ofroud rejimində ümumi ötürmə nisbəti 37,5:1 təşkil edir. Adi Cherokee-də isə aşağı ötürmə yoxdur. Selec-Terrain sistemi də müxtəlif hərəkət rejimləri, o cümlədən ofroud üçün xüsusi parametrlərlə təklif olunur.
Jeep Cherokee Trailhawk-ın satışına 2026-cı ildə başlanacaq. ABŞ-da modelin başlanğıc qiyməti çatdırılma xərci daxil olmaqla 44 625 dollar təşkil edir. Beləliklə, Trailhawk daha bahalı Overland versiyasından cəmi 500 dollar ucuzdur.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









