BYD-nin Yangwang U9 Xtreme hiperkarı 500 km/saat həddini aşaraq yeni sürət rekordu müəyyənləşdirib. Lakin Koenigsegg dünyanın ən sürətli seriya avtomobili titulu uğrunda mübarizədən çəkilmək niyyətində deyil. Şirkət Jesko Absolut modeli ilə 532 km/saat sürətə çatmağı hədəfləyir. Bunun qarşısındakı əsas maneə isə belə sürətə tab gətirə biləcək şinlərin tapılmasıdır.
Koenigsegg-in təsisçisi və baş direktoru Kristian fon Köniqseq sosial şəbəkədə rekord cəhdinin hələ də gündəmdə olduğunu təsdiqləyib. Sınağın tarixi açıqlanmayıb: şirkət uyğun şinlər tapılana qədər riskə getmək istəmir.
Noyabrın 1-də BYD-nin lüks markası Yangwang U9 Xtreme BƏƏ-də 503,17 km/saat sürətə çataraq seriya avtomobilləri arasında 500 km/saat həddini aşan ilk model olub. Nəticə FIA tərəfindən tanınıb. 2977 at gücünə malik elektrik hiperkarı rekord cəhdi üçün Giti Tire ilə birlikdə hazırlanmış xüsusi yarı-slik şinlərdən istifadə edib.
Koenigsegg Jesko Absolut-u 2020-ci ildə təqdim edib. Trek üçün nəzərdə tutulan Jesko Attack-dan fərqli olaraq, Absolut maksimal sürət üçün optimallaşdırılmış kuzova və cəmi 0,278 aerodinamik müqavimət əmsalına malikdir.
Onun 5,0-litrlik, iki turbokompressorlu V8 mühərriki adi benzinlə 1280, E85 yanacağı ilə isə 1600 at gücü hasil edir. Güc arxa təkərlərə doqquz pilləli Light Speed Transmission transmissiyası ilə ötürülür.
Koenigsegg rəsmi maksimal sürəti açıqlamasa da, simulyasiyalar Jesko Absolut-un nəzəri olaraq 532 km/saat sürətə çata biləcəyini göstərir. 2024-cü ildə dinamostenddəki sınaq zamanı hiperkar doqquzuncu pillədə 500 km/saat həddini keçib, amma mühərrik maksimal dövrlərə çatmayıb. Lakin bu nəticə avtomobilin real yolda belə sürətdə sabit qalacağını təsdiqləmir.
500 km/saatdan yüksək sürətlərdə şinlər üzərində böyük mərkəzdənqaçma qüvvəsi və istilik yaranır. Koenigsegg daha əvvəl Michelin ilə yüksək sürətli şinlərin sınaqlarını aparıb, lakin Jesko Absolut üçün uyğun və təhlükəsiz həll hələ tapılmayıb. Bundan əlavə, rekord cəhdi üçün uzun, düz yol və sürəti təhlükəsiz azaltmağa imkan verən məsafə də lazımdır.
Hələlik şirkət rekord cəhdinin tarixini açıqlamır. Jesko Absolut-un nəzəri potensialı böyükdür, amma 532 km/saat hədəfinə çatmaq üçün Koenigsegg əvvəlcə ən vacib məsələni — şinləri həll etməlidir.
@ 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









