Lamborghini əfsanəvi Miura modelinin 60 illik yubileyinə Revuelto Miura 60° Homage adlı xüsusi seriya hazırlayıb. Cəmi 99 nüsxə istehsal ediləcək model, italyan markasının tarixində xüsusi yer tutan Miura-nın dizayn elementlərini müasir hibrid hiperkarla birləşdirir.

Xüsusi versiya doqquz klassik kuzov rəngi, aşağı hissənin kontrastlı boyası və Miura-dan ilhamlanan dekorativ elementlərlə seçilir. Müştərilər Ad Personam fərdiləşdirmə proqramı vasitəsilə hətta öz kolleksiyalarındakı Miura modelinin rəng sxemini də Revuelto üzərində təkrarlaya bilərlər. Kuzovun arxa hissəsində yerləşdirilən "Miura 60" loqosu və nömrələnmiş karbon lövhə bu seriyanın eksklüzivliyini vurğulayır. 

İnteryerdə Miura-nın məşhur Cannelloni oturacaq naxışı müasir formada yenidən işlənib. Dəri üzlüklər, xüsusi tikişlər və yubiley loqosu ilə birlikdə salon həm klassik modelə ehtiramı, həm də Revuelto-nun texnoloji xarakterini əks etdirir. 

Texniki hissədə dəyişiklik yoxdur. Revuelto əvvəlki kimi 6,5 litrlik atmosfer V12 mühərriki və üç elektrik mühərrikindən ibarət hibrid sistemlə təchiz edilir. Hibrid sistemin ümumi hasilatı 1000 at gücünü ötür. Hibrid sportkarın 100 km/saata sürətlənməsi təxminən 2,5 saniyə çəkir, maksimal sürəti isə 350 km/saat təşkil edir. 

Lamborghini yeni xüsusi versiyanın qiymətini açıqlamayıb. Lakin istehsalın cəmi 99 avtomobillə məhdudlaşdırılması onun standart Revuelto-dan xeyli baha olacağını göstərir. Model avqust ayında keçiriləcək Pebble Beach Concours d'Elegance tədbirlərində də nümayiş etdiriləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

Miura Lamborghini üçün sadəcə uğurlu model deyil. O, 1966-cı ildə mərkəzdə yerləşən V12 mühərriki ilə müasir superkar anlayışını formalaşdıran avtomobilhesab olunur. Revuelto Miura 60° Homage isə göstərir ki, Lamborghini gələcəyə hibrid texnologiyalarla irəliləsə də, markanın ən böyük ilham mənbəyi hələ də öz tarixidir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.