Britaniyanın Lanzante şirkəti üçyerli superkarı 95-59 üçün High Downforce Kit (HDK) adlı xüsusi aerodinamik dəst hazırlayıb. McLaren F1 GTR yarış avtomobilindən ilhamlanan paket sabit karbon arxa antiqanad, dam üzərində hava giriş kanalı və yenilənmiş kuzov elementlərini əhatə edir. Dəst 59 avtomobildən ibarət məhdud seriyanın bütün nümunələri üçün opsiya kimi təklif ediləcək.
Lanzante 95-59 HDK
Lanzante 95-59 HDK-nın ilk təsvirlərini yayımlayaraq dəyişiklikləri nümayiş etdirib. Əsas yeniliklərdən biri McLaren 750S-dən götürülmüş aktiv arxa spoylerin sabit karbon antiqanadla əvəzlənməsidir. Onun dizaynı McLaren F1 GTR-in yalnız səkkiz nümunəsində istifadə edilmiş xüsusi yarış antiqanadından ilhamlanıb.
Lanzante 95-59 HDK
Avtomobilin ön hissəsi də yenidən işlənib. Yeni bamper, kapot üzərində əlavə hava dəlikləri və kuzovun yan hissələri boyunca uzanan karbonplastik ətəklər paketə daxildir. Beşmilli, mərkəzi kilidləmə mexanizminə malik təkər diskləri də F1 GTR-in yarış üslubunu davam etdirir.
Lanzante 95-59
Dam üzərində yerləşdirilən hava girişi kanalı mühərrikin hava ilə təminatını yaxşılaşdırmağa hesablanıb. Bu həll McLaren-in 2000-ci illərin əvvəllərində F1 modeli üçün hazırladığı yüksək yerəbasma qüvvəli versiyanı xatırladır.
Lanzante 95-59
Lanzante HDK paketini ilk dəfə 2026-cı ilin avqustunda Monterey Avtomobil Həftəsi çərçivəsində keçirilən The Quail tədbirində nümayiş etdirib. Şirkət dəstin hələ hazırlanma mərhələsində olduğunu və qiymətinin açıqlanmadığını bildirib. Aerodinamik yeniliklərin yerəbasma qüvvəsinə təsiri ilə bağlı konkret göstəricilər də hələlik təqdim edilməyib.
95-59 modelinin texniki göstəriciləri dəyişməz qalır. Avtomobil 850 at gücü hasil edən, iki turbokompressorlu 4,0-litrlik V8 mühərriklə təchiz olunub. Modelin başlanğıc qiyməti 1,2 milyon funt sterlinq, yəni təxminən 1,6 milyon dollardır. HDK paketinin avtomobilin çəkisinə və hava müqavimətinə necə təsir edəcəyi isə hələ məlum deyil.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









