Lexus-un yığcam NX krossoveri ikinci nəslin təqdimatından beş il sonra yenilənib. 2021-ci ildə debüt edən model üçün hazırlanan feyslift xarici görünüşdəki incə dəyişikliklərlə yanaşı, interyerin və idarəetmə məntiqinin yenidən nəzərdən keçirilməsini də əhatə edir.
Lexus NX markanın ən uğurlu modellərindən biridir və onun yenilənməsi tamamilə yeni dizayn axtarışından daha çox, artıq formalaşmış konsepsiyanın təkmilləşdirilməsi üzərində qurulub.
Daha tanış, amma daha müasir
NX-in ümumi silueti dəyişməyib. Lexus modelin xarakterik nisbətlərini və kəskin xətlərini qoruyaraq ön hissədə və işıqlandırma elementlərində müəyyən dəyişikliklər edib. Əsas yeniliklərdən biri avtomobilin ön hissəsindədir. Lexus dizaynerləri radiator barmaqlığını, bamperi və işıq qrafikasını yenidən işləyərək NX-in simasını daha müasir etməyə çalışıblar.
Arxa hissədə də müəyyən kosmetik dəyişikliklər tətbiq olunub. Bu yanaşma təsadüfi deyil. NX artıq özünəməxsus dizayn dilini formalaşdırmış modeldir və Lexus onun xarakterini tamamilə dəyişmək əvəzinə, detalları daha müasir səviyyəyə gətirməyə üstünlük verib.
Əsas dəyişiklik salondadır
NX-in yenilənməsində əsas diqqət interyerə yönəldilib. Lexus idarəetmə panelinin arxitekturasını yenidən nəzərdən keçirib. Yeni sükan, dəyişdirilmiş mərkəzi hissə və iqlim sisteminin fiziki düynələri salonun əvvəlki rəqəmsal quruluşunu daha intuitiv istifadə ilə birləşdirməyə xidmət edir.
İlkin məlumata görə, yeni paneldə iqlim sisteminin funksiyalarının idarə edilməsi üçün ayrıca fiziki düymə və elementlərə də yer verilib. Bu, Lexus üçün maraqlı istiqamətdir. Müasir avtomobillərdə bütün funksiyaları ekranın daxilinə yerləşdirmək tendensiyası güclənsə də, NX-də bəzi əsas funksiyaların fiziki düymələr vasitəsi ilə həyata keçirilməsi gündəlik istifadədə praktik üstünlük yarada bilər.
Hibridlər yenə diqqət mərkəzindədir
NX-in mühərrik çeşidinin əsasını hibrid güc qurğuları təşkil edir. ABŞ bazarında 2026 model ilinin NX 350h krossoveri həm tam, həm də ön ötürmə ilə təklif olunmağa başlayıb. 2,5 litrlik mühərrikə əsaslanan hibrid sistemin ümumi hasilatı 240 at gücüdür. NX 450h+ plagin hibridi isə 304 at gücü hasil edir.
Benzin mühərrikli NX 350 modelinin 2,4 litrlik turbomühərriki 275 at gücü və 430 Nm fırlanma anı təklif edir. F SPORT Handling versiyasının hibridlər də daxil olmaqla daha geniş mühərrik seçimi ilə təqdim olunması isə NX-in komfort yönümlü xarakteri ilə sürüş dinamikası arasında balans yaratmaq cəhdidir.
Beş ildən sonra böyük dəyişiklik deyil
Lexus NX-in ikinci nəsli 2021-ci ildə təqdim olunanda model əvvəlki nəsillə müqayisədə daha ciddi texnoloji və dizayn dəyişikliyi yaşamışdı. 2026-cı il yenilənməsi isə başqa fəlsəfəyə əsaslanır. Burada məqsəd yeni avtomobil yaratmaq deyil. Lexus artıq uğurlu olan NX konsepsiyasını daha yetkin hala gətirməyə çalışır.
Bu səbəbdən dəyişikliklərin böyük hissəsi ilk baxışda deyil, avtomobildən istifadə etdikcə hiss olunacaq: idarəetmə, interyer ergonomikası, elektron sistemlər və güc qurğularının seçimi. NX-in yeni siması məhz bu yanaşmanın nəticəsidir — tanış xarakter, daha müasir ifadə.










