Mercedes-Benz beşinci nəsil C-Class modelinin yenilənmiş versiyasını təqdim edib. 2021-ci ildə debüt edən W206 nəsli üçün həyata keçirilən restaylinqdə əsas diqqət avtomobilin elektron sistemlərinə, mühərriklərinə və sürücüyə yardım texnologiyalarına yönəldilib. Yenilənmiş sedanla yanaşı Estate universalı da təqdim olunub.
Xaricdə dəyişikliklər daha təmkinlidir. Yeni ön və arxa bamperlər avtomobilin uzunluğunu 4.751-dən 4.766 millimetrə çatdırıb, lakin avtomobilin təkər bazası (2.865 millimetr) və eni (1.820 millimetr) əvvəlki səviyyədə qalıb.
Yeni faralar və arxa fənərlərin daxilində Mercedes-Benz-in üçşüalı ulduz motivindən istifadə edilir. Radiator barmaqlığındakı xrom elementlər və işıqlandırılan çərçivə (əlavə ödənişlə) də C-Class-ın görünüşünü yeniləyir. Təkər diskləri 17–19 düym ölçülərində təklif olunur.
Salonun ümumi arxitekturası qorunsa da, elektronika ciddi şəkildə yenilənib. Qarşımızda 12,3 düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 11,9 düymlük şaquli ekranı var. Lakin yeni nəsil sistemin əsas fərqi süni intellektdən istifadə edən səsli köməkçidir:
Mercedes-Benz onun ChatGPT, Microsoft Bing və Google Gemini texnologiyalarından yararlandığını bildirir. Sistem dialoqun kontekstini yadda saxlaya, suallara təbii dildə cavab verə və müxtəlif onlayn funksiyalara çıxış təmin edə bilir. Google Maps əsaslı naviqasiya, 40-dan çox üçüncü tərəf tətbiqi və artırılmış reallıqlı opsional proyeksiya ekranı da təklif olunur.
Mühərrik çeşidində isə əsas dəyişiklik 1,5-litrlik baza mühərrikindən imtinadır. İndi C-Class-ın bütün benzin və dizel versiyaları 2,0-litrlik mühərriklərlə təklif olunur və ikinci nəsil ISG yumşaq hibrid sistemi ilə təchiz edilir.
Elektrik dəstəyi 23 at gücü və 205 Nm əlavə edə bilir. Benzinli ailəyə C 200 (177 at gücü), C 250 (218 at gücü) və C 300 (258 at gücü), dizelə isə C 200 d (163 at gücü) və C 250 d (200 at gücü) daxildir. Bütün versiyalarda 9G-Tronic doqquz pilləli avtomatik transmissiya istifadə olunur.
Plug-in hibridlər də çeşiddə qalır. C 300 e və C 400 e 4Matic modelləri 2,0-litrlik benzin mühərrikini 136 at güclü elektromotorla birləşdirir. Faydalı tutumu 19,53 kilovat/saat olan batareya yalnız elektrik enerjisi ilə təxminən 100 kilometrməsafə qət etməyə imkan verir və 55 kilovata qədər DC sürətli şarjı dəstəkləyir. Tam idarə olunan arxa ox da seçim olaraq qalır.
Mercedes-Benz şassinin sazlanmasına da toxunub. Asqı daha dəqiq idarəetmə və yüksək sürətdə stabillik üçün yenidən tənzimlənib, eyni zamanda izolyasiyanın yaxşılaşdırıldığı bildirilir. Sürücüyə yardım sistemlərində isə 10 kamera, 5 radar və 12 ultrasəs sensoru ilə işləyən daha qabaqcıl elektron arxitektura tətbiq olunur.
Almaniyada yenilənmiş C-Class modelinə sifariş artıq qəbul edilir. Qiymətlər sedan üçün 49 min avrodan, C 400 e 4Matic Estate üçün isə 75 min avrodan başlayır.
Yenilənmiş C-Class radikal restaylinq deyil. Mercedes burada daha çox rəqəmsal ekosistemi, hibrid texnologiyanı və sürüş komfortunu inkişaf etdirib. Modelin əsas forması isə əvvəlki kimi qalır.
AUTOGRAPH NOTE
C-Class dəyişməyib — inkişaf edib. Mercedes bu dəfə yeni avtomobil yaratmaq əvəzinə, tanış modeli daha ağıllı, daha səmərəli və daha rəqəmsal etməyi seçib.









