Mercedes-Benz yığcam premium krossover seqmentində yeni səhifə açır. Tamamilə yenilənmiş GLA artıq sadəcə növbəti nəsil model deyil – o, markanın gələcək inkişaf strategiyasının əsas elementlərindən birinə çevrilir. Yeni platforma, elektrik mərkəzli yanaşma və rəqəmsal texnologiyalar sayəsində GLA indiyədək istehsal olunan ən müasir yığcam Mercedes-Benz modellərindən biri olmağa iddialıdır.

İlk baxışdan avtomobil öz sələfinin tanış cizgilərini qorusa da, onun dizaynı tamamilə yenidən işlənib. Daha uzun təkər bazası, alçaq siluet və daha atletik proporsiyalar modelə dinamik görünüş qazandırır. Ön hissədə işıqlandırılan radiator barmaqlığı, ulduz motivli LED optika və yeni korporativ dizayn dili GLA-nı CLA ilə başlayan yeni Mercedes-Benz ailəsinin üzvünə çevirir. Hibrid versiyalar isə klassik radiator barmaqlığını qoruyub saxlayacaqlar. 

Ölçülərdəki artım praktikliyə də müsbət təsir edib. Yeni GLA əvvəlki nəsillə müqayisədə daha uzun təkər bazasına malikdir və sərnişinlər, xüsusilə də arxa sırada əyləşənlər üçün əlavə məkan təklif edir. Baqaj bölməsinin həcmi 410 litrdir, arxa oturacaqlar qatlandıqda isə bu göstərici 1 400 litrə çatır. Elektrikli modifikasiyalar üçün əlavə 107 litrlik ön yük bölməsi də nəzərdə tutulub.

Yeni modelin əsas yeniliyi onun texniki hissəsində gizlənir. GLA Mercedes-Benz-in yeni MMA (Mercedes Modular Architecture) platforması üzərində qurulub. Bu arxitektura həm tam elektrik, həm də 48 voltluq yumşaq hibrid güc qurğularını dəstəkləyir. Bununla belə, şirkət bazara əvvəlcə elektrik versiyalarını çıxarmağa üstünlük verib. Beləliklə, yeni GLA Mercedes-Benz-in "Electric First" strategiyasının növbəti mühüm addımına çevrilir.

Mühərrik çeşidi də bu strategiyanı aydın şəkildə əks etdirir. Satışın ilk mərhələsində model üç tam elektrik versiyasında təklif olunacaq. Giriş səviyyəsində yer alan GLA 200 224 at gücü hasil edən elektrik mühərriki və 58 kilovat/saatlıq LFP batareyası ilə təchiz edilir. Daha yuxarı pillədə qərarlaşan GLA 250+ 272 at gücü, 85 kilovat/saatlıq batareya və arxa ötürmə sistemi sayəsində tam dolu batareya ilə 650 kilometrdən çox, maksimum isə 657 kilometrədək (WLTP) yürüş ehtiyatı vəd edir. Ailənin flaqmanı GLA 350 4MATIC isə iki elektrik mühərriki, 354 at gücü və tam ötürmə sistemi sayəsində həm yüksək dinamika, həm də uzun məsafəli səyahətlər üçün nəzərdə tutulub. 

Bütün elektrik versiyaları 800 voltluq elektrik arxitekturası üzərində qurulub. Bu texnologiya uyğun DC enerji doldurma məntəqələrində 320 kVt gücündə sürətli şarjı dəstəkləyir və cəmi 10 dəqiqə ərzində təxminən 270 kilometr yürüş üçün kifayət edəcək enerji ehtiyatını bərpa etməyə imkan verir. Bu göstəricilər GLA-nı öz sinfində ən sürətli enerji dolduran modellərdən birinə çevirir. 

Model ailəsi bununla məhdudlaşmayacaq. 2027-ci ildən etibarən Mercedes-Benz yeni GLA üçün 48 voltluq yumşaq hibrid texnologiyası ilə təchiz edilmiş benzin versiyalarını da təqdim edəcək. Bu modifikasiyalar şirkətin yeni 1,5 litrlik M252 turbomühərriki, səkkizpilləli ikimuftalı transmissiyası və ötürmələr qutusuna inteqrasiya olunmuş elektrik mühərriki ilə təklif ediləcək. Sistem aşağı sürətlərdə qısa məsafələri yalnız elektrik enerjisi ilə qət etməyə imkan verir, sürətlənmə zamanı isə daxiliyanma mühərrikinə dəstək göstərərək yanacaq sərfiyyatını və emissiyaları azaldır. Hibrid versiyalar həm ön, həm də tam ötürməli konfiqurasiyalarda satışa çıxarılacaq. 

Salon tamamilə yeni rəqəmsal konsepsiya əsasında hazırlanıb. Ön paneldə yerləşən Superscreen sistemi sürücünün və ön sərnişinin ixtiyarına iri displey təqdim edir. Yeni nəsil MB.OS əməliyyat sistemi süni intellekt dəstəyi ilə işləyən MBUX multimedia kompleksini idarə edir. Sistem ChatGPT və Google Gemini inteqrasiyası, təkmilləşdirilmiş səsli idarəetmə, Google Maps əsaslı naviqasiya və fərdiləşdirilmiş istifadəçi profilləri kimi funksiyalar təklif edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz yeni GLA ilə sadəcə daha bir kompakt krossover təqdim etmir. Model markanın gələcək yığcam ailəsinin texnoloji istiqamətini müəyyənləşdirən əsas layihələrdən biridir. CLA ilə başlanan yeni platforma strategiyası indi GLA-da davam edir və yaxın illərdə eyni arxitektura üzərində qurulacaq digər Mercedes-Benz modelləri üçün də baza rolunu oynayacaq. Daha geniş salon, elektrik mərkəzli mühərrik çeşidi, qabaqcıl rəqəmsal texnologiyalar və yüksək enerji səmərəliliyi yeni GLA-nı premium kompakt SUV seqmentinin ən iddialı yeniliklərindən birinə çevirir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.