Mercedes-Benz tarixində xüsusi yer tutan eksperimental C 111 superkarı ilk dəfə satışa çıxarılacaq. 1970-ci ildə istehsal edilmiş, dörd rotorlu Vankel mühərriki ilə təchiz olunan nadir avtomobil 2027-ci il fevralın 3-də Parisdə RM Sotheby’s hərracında yeni sahibini tapacaq.
Şirkət indiyədək kolleksiyasında saxladığı C 111 modellərinin heç birini satmayıb. Üstəlik, Mercedes-Benz qarşıdakı 25 il ərzində başqa bir C 111 avtomobilini satışa çıxarmamaq öhdəliyi götürüb. Hərracdan əldə ediləcək vəsait Ştutqartdakı Mercedes-Benz Muzeyinin modernləşdirilməsinə yönəldiləcək.
Hərraca çıxarılan avtomobil C 111-II seriyasının üçüncü nümunəsidir və şirkət daxilində “Car 33” adı ilə tanınır. 1970-ci ilin martından hazırlanmağa başlanan avtomobil “Weißherbst” adlı xüsusi rəngə boyanıb. Onun salonunda boz-ağ dama naxışlı idman oturacaqları və dördşüalı sükan quraşdırılıb.
Avtomobilin ən maraqlı xüsusiyyəti isə mərkəzdə yerləşdirilmiş 2,4-litrlik dörd rotorlu Vankel mühərrikidir. M 950 W 48 indeksli bu güc qurğusu 350 at gücü hasil edir. Kütləsi 1240 kiloqram olan superkar 300 km/saata qədər sürət yığa bilir.
“Car 33” yalnız nümayiş avtomobili olmayıb. O, müxtəlif texniki sınaqlarda, o cümlədən yanacaq çənlərinin işləməsinin və arxa baqaj bölməsində temperaturun yoxlanılmasında istifadə edilib.
Həmin dövrdə ABS sisteminin sınaqları da bu avtomobildə aparılıb. 1972-ci ildə Almaniyada nəşr olunan “Playboy” jurnalının ilk sayında da onun fotosu dərc edilib.
Avtomobil 1975-ci ildə Mercedes-Benz-in kolleksiyasına daxil olub. 2024-cü ildə Fellbachdakı Mercedes-Benz Classic Center-də bərpa edilərək yenidən hərəkətə yararlı vəziyyətə gətirilib. Bu zaman kuzovun və salonun orijinal görünüşü qorunub, mühərrik və transmissiya isə əsaslı şəkildə yenilənib.
Mercedes-Benz hərrac üçün başlanğıc qiyməti açıqlamayıb. “RM Sotheby’s” tərəfindən Parisdə, Luvr sarayının Salles du Carrousel zalında keçiriləcək satışın nəticəsinin on milyonlarla avroya çata biləcəyi ehtimal olunur.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









