Yaponiyanın Mitsuoka şirkəti müasir kütləvi modellərə əsaslanan klassik görnüşlü avtomobillərin buraxılması ilə tanınır. Şirkət bu ənənəyə sadiq qalaraq, retro dizaynlı yeni rodster hazırlayıb. Mitsuoka LA1 adlandırılan modelin debütü noyabrın 26-na planlaşdırılıb.
Mitsuoka hələlik öz avtomobilinin donorunun adını açıqlamır. Lakin kuzovun nisbətləri və silueti onun Mazda Roadster, yəni Yaponiyada bu adla satılan MX-5/Miata əsasında hazırlandığını göstərir.
LA1-in dizaynında əsas ilham mənbəyi 1950-ci illərin Chevrolet Corvette C1 modelidir. Rodsterin ön və arxa hissələri tamamilə yenidən işlənib. Ön tərəfdə klassik Corvette-i xatırladan qoşa yumru faralar, arxada isə orijinal formalı fənərlər yerləşdirilib. Kuzovun müxtəlif hissələrində xrom detallardan geniş istifadə olunub, bamperlər isə iri metal əlavələrlə tamamlanıb.
Avtomobilin ölçüləri hələlik açıqlanmayıb. Müqayisə üçün, hazırkı Mazda Roadster-in uzunluğu 3915 millimetr, təkər bazası isə 2310 millimetr təşkil edir.
İnteryerin görüntüləri də təqdim edilməyib. Mitsuoka-nın əvvəlki layihələrini nəzərə alsaq, burada əsas dəyişikliklərin dekorativ elementlərlə məhdudlaşacağı gözlənilir.
Texniki göstəricilər barədə də rəsmi məlumat yoxdur. Əgər Mitsuoka donor avtomobilin texniki hissəsinin dəyişməz saxlayarsa, LA1 Mazda Roadster-in 1,5-litrlik, 136 at gücünə malik atmosfer mühərriki, altı pilləli mexaniki və ya avtomatik transmissiya və arxa ötürmə ilə təklif oluna bilər. Mazda Roadster RF versiyasında isə 2,0-litrlik, 182 at gücündə atmosfer mühərriki və qatlanan sərt damdan istifadə olunur.
Beləliklə, LA1 Mitsuoka-nın ənənəvi reseptini davam etdirir: müasir və yığcam texniki baza qorunur, lakin avtomobilin xarici görünüşü tamamilə başqa dövrün estetikası ilə yenidən qurulur. Bu dəfə isə yapon rodsterinin siması Amerikanın klassik idman avtomobillərindən birinə çevrilir.
Mitsuoka LA1-in tam təqdimatı 26 noyabrda, avtomobilə sifarişlərin qəbuluna isə 27 noyabrda başlanacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündü









