Pagani Huayra modelinin xüsusi seriyasının üçüncü və sonuncu avtomobili olan Huayra 70 Anima Las-Veqasda keçirilən Concours at Wynn tədbirində təqdim edilib. İtaliya markasının Grandi Complicazioni fərdi sifariş proqramı çərçivəsində yaradılan superkar eksklüziv materialları, qeyri-adi dizaynı və mexaniki ötürmələr qutusu ilə seçilir.
Huayra 70 Anima-nın kuzov panelləri, o cümlədən kapot, qapılar, qanadlar və mühərrik bölməsinin örtüyü açıq mavi karbondan hazırlanıb. Karbonun tərkibinə xüsusi parıltı yaradan həqiqi brilyant tozu əlavə edilib. Kuzovun ön splitterində, qapıların bəzi hissələrində, mühərrik bölməsinin örtüyündə və arxa antiqanadın dayaqlarında isə əl ilə çəkilmiş platin təbəqələrindən istifadə olunub.
Anima digər Huayra versiyalarından daha aqressiv kuzov dizaynı ilə də fərqlənir. Yeni bamperlər, xüsusi arxa diffuzor, iri arxa antiqanad və əfsanəvi Zonda Cinque modelindən ilhamlanan damdakı hava girişi kanalı superkarın fərqli görkəmini tamamlayır. Altı çıxış borusu olan buraxılış sistemi isə ağ keramika örtüyünə malikdir. Şassinin bəzi elementləri Tricolore Blue və Argentina Light Blue rənglərinə boyanıb.
Superkar Mercedes-AMG mənşəli 6,0-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir. Güc qurğusu 6000 dövr/dəqiqədə 851 at gücü, 1100 Nm fırlanma anı hasil edir. Mühərrik yeddi pilləli Xtrac mexaniki ötürmələr qutusu ilə birləşdirilib və gücü arxa təkərlərə ötürür. Transmissiyada elektromexaniki özükilidlənən differensialdan istifadə olunur.
Huayra 70 Anima elektron idarə olunan və bir-biri ilə əlaqələndirilmiş amortizatorlara malik ikiqollu ön asqı sistemi ilə təchiz edilib. Əyləc sistemi bütün təkərlərdə karbon-keramika disklər və Brembo supportlarından ibarətdir. Superkar öndə 20 düymlük, arxada 21 düymlük disklər, müvafiq olaraq 265/30 və 355/25 ölçülü Pirelli P Zero Trofeo R şinləri ilə təchiz olunur.
Salonun tərtibatında tünd göy karbondan hazırlanmış elementlər və süd rəngli dəri üzlükdən istifadə edilib. Sükan çarxına və ötürmələr qutusunun dəstəyinə də brilyant tozu əlavə olunub. Açıq alüminium elementlər isə Pagani modellərinə xas mexaniki estetikanı qoruyub saxlayır.
Pagani dizayneri Lorenzo Kerkocun sözlərinə görə, avtomobilin hazırlanması bir ildən çox davam edib. Şirkət müştəri ilə birlikdə onun uşaqlıq arzusunu reallaşdırmağa çalışıb: Horasio Paqani ilə birlikdə xüsusi avtomobil yaratmaq.
Huayra 70 Anima ABŞ bazarı üçün nəzərdə tutulan üç xüsusi Huayra 70 modelinin sonuncusudur. Ondan əvvəl Trionfo və Derecho versiyaları təqdim edilmişdi. Bu arada Pagani artıq yeni Utopia modelini istehsal edib müştərilərinə təhvil versə də, Huayra-nın xüsusi sifarişlə yaradılan versiyaları hələ də diqqət mərkəzində qalır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









