Mercedes-Benz və McLaren əməkdaşlığının ən eksklüziv modellərindən biri olan SLR McLaren Stirling Moss hərraca çıxarılır. 2010-cu il istehsalı olan avtomobilin RM Sotheby’s hərracında 6 milyon dollardan baha qiymətə satılacağı gözlənilir. Bu nüsxənin əsas özəlliyi isə modelin istehsal xəttindən çıxan sonuncu avtomobil olmasıdır.
Mercedes-Benz cəmi 75 ədəd SLR McLaren Stirling Moss istehsal edib. Modelin ən qeyri-adi cəhəti onun ön şüşəsiz, yan şüşələrsiz və dam örtüyü olmadan hazırlanmasıdır. Hərraca çıxarılan avtomobil 2009-cu ilin dekabrında istehsal olunub və odometrində cəmi 32,9 mil (53 kilometr) yürüş qeydə alınıb.
Superkar kompressorlu 5,4-litrlik V8 mühərriklə təchiz edilib. Mühərrik 650 at gücü hasil edir və avtomobilin 96 km/saata 3,5 saniyəyə sürətlənməsinə, 354 km/saat maksimal sürətə çatmasına imkan verir.
Bu nüsxə yeni vəziyyətdə Küveytin kral ailəsinə təhvil verilib və 2024-cü ilədək ailənin mülkiyyətində qalıb. Hazırkı satıcı avtomobili həmin il əldə edib. Beləliklə, onun cəmi iki sahibi olub.
Avtomobil Fire Opal Red adlı xüsusi qırmızı rəngə boyanıb. Bu çalar SLR McLaren Stirling Moss modellərinin yalnız bir neçəsində istifadə edilib. Salon qırmızı dəri üzlüklər və sarı tikişlərlə tərtib olunub.
Adi karbon dekor əvəzinə yüngül Alutex kompozitindən istifadə edilib, əyləc supportları isə qızılı rəngdədir. Avtomobil zavodda quraşdırılmış audio sistemi ilə də fərqlənir.
Model ABŞ bazarı üçün nəzərdə tutulmadığından onun bu ölkədə istismarı xüsusi prosedur tələb edib. Ön şüşənin və ənənəvi şüşələnmənin olmaması ABŞ-ın standart təhlükəsizlik tələblərinə uyğun gəlmirdi.
Lakin avtomobil 2026-cı ildə NHTSA-nın nadir və tarixi əhəmiyyətli avtomobillər üçün nəzərdə tutulan Show or Display proqramı çərçivəsində ABŞ standartlarına uyğunlaşdırılıb və qeydiyyata alınıb.
Avtomobil əvvəlcə 2010-cu ildə İsveçrədə qeydiyyata alınıb, daha sonra Küveytə, oradan isə ABŞ-a aparılıb.
RM Sotheby’s hərracı noyabrın 26-dan dekabrın 3-dək keçiriləcək. Avtomobilin 6 milyon dolları ötən qiymətə satılması gözlənilir. Bu nüsxə təkcə 75 avtomobillik kolleksiyanın sonuncusu deyil, həm də SLR McLaren platformasında istehsal edilmiş son avtomobildir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









