Toyota Çində ilk genişləndirilmiş yürüş ehtiyatına malik elektromobilini təqdim etməyə hazırlaşır. GAC Toyota-nın yayımladığı tizerdə adı açıqlanmayan iri SUV nümayiş etdirilib. Avtomobilin 27 noyabrda Quançjou avtosalonunda debüt edəcəyi gözlənilir və onun yeni Highlander EREV olacağı ehtimal edilir.

EREV (Extended-Range Electric Vehicle) sistemində avtomobilin təkərləri yalnız elektrik mühərrikləri vasitəsilə hərəkətə gətirilir. Daxiliyanma mühərriki isə batareyanın enerji səviyyəsi azaldıqda generator kimi işləyərək elektrik enerjisi hasil edir. Beləliklə, avtomobil elektrikli nəqliyyat vasitəsinin sürüş xarakterini qoruyur, uzun məsafələrdə isə benzinlə enerji ehtiyatını artırmaq imkanı əldə edir.

Çin mediasında yayılan ilkin məlumatlara görə, yeni krossover 1,5-litrlik turbomühərriklə təchiz edilə bilər. Bu mühərrik təkərləri birbaşa hərəkətə gətirməyəcək, yalnız elektrik sistemi üçün generator rolunu oynayacaq. 

Ehtimal olunan elektriklə hərəkət məsafəsi 150 kilometr, ümumi yürüş ehtiyatı isə təxminən 1000 kilometr göstərilir. Modelin yeddi yerlik salona və 3050 millimetrlik təkər bazasına sahib olacağı da bildirilir. Lakin bu göstəricilər hələlik rəsmi təsdiqini tapmayıb. 

Toyota və GAC-ın birgə müəssisəsi daha əvvəl Çin bazarı üçün yeni nəsil Highlander və Sienna modellərinin genişləndirilmiş yürüş ehtiyatı olan güc qurğuları ilə təchiz ediləcəyini açıqlamışdı. Bu avtomobillərin yaradılmasına Çindəki mühəndis komandası rəhbərlik edir.

Toyota-nın Çində EREV avtomobillərinin istehsalına 2027-ci ilin yazında başlaması gözlənilir. Şirkətin ümumi istehsal hədəfi 2027-ci ildə 200 min, 2028-ci ildə isə 400 min avtomobilə çatmaqdır. Bu rəqəmlər yalnız Highlander modelini deyil, Toyota-nın Çində istehsal edəcəyi bütün EREV modellərini əhatə edir. Yeni Highlander EREV-in rəsmi adı, texniki göstəriciləri və qiyməti yaxın günlərdə açıqlana bilər. 

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.