Volkswagen şirkəti ID.4 elektrik krossoverinin adını dəyişərək onu ID. Tiguan kimi təqdim etməyə hazırlaşır. 2027-ci ildə Avropa və Şimali Amerika bazarlarına çıxacaq yenilənmiş model təkcə yeni adla deyil, həm də dəyişdirilmiş eksteryer və interyer tərtibatı ilə fərqlənəcək. Avtomobilin rəsmi təqdimatı oktyabrın əvvəlində keçirilməlidir.

Volkswagen-in bu addımı markanın ən tanınmış model adlarını elektromobillər dövrünə daşımaq strategiyasının bir hissəsidir. Bununla belə, yeni ID. Tiguan daxiliyanma mühərrikli Tiguan-ı əvəz etməyəcək, onunla paralel satılacaq. Hər iki avtomobil texniki baxımdan da fərqlənir: elektrik versiyası MEB platformasına, benzin, dizel və plagin hibrid versiyalar isə MQB arxitekturasına əsaslanır.

Böyük ehtimalla, yenilənmiş krossoverin kuzovunun ümumi forması və ölçüləri dəyişməyəcək. Lakin kamuflyajlı prototiplər ön və arxa hissələrin ciddi şəkildə yeniləndiyini göstərir. Yeni fənərlər və arxa işıqlar avtomobilə daha bucaqlı görünüş verməlidir. Dizaynda Volkswagen-in ID. Polo və yenilənmiş ID.3 modellərində istifadə etdiyi üslub elementləri də nəzərə çarpır.

İnteryerdə isə daha nəzərəçarpan dəyişikliklər gözlənilir. Mərkəzi sensorlu ekranın altında fiziki düymələrdən ibarət sıra yerləşdirilib, əvvəlki sensorlu idarəetmə zolağı isə ləğv edilib. Rəqəmsal cihazlar paneli böyüdülüb, sükana isə ənənəvi düymələr qaytarılıb. Hər qapı üçün ayrıca şüşəqaldıran düymənin tətbiqi də gündəlik istifadədə rahatlığı artırmağa yönəldilib. Ön oturacaqların arasında səs səviyyəsini tənzimləyən fırlanan düymənin də olacağı gözlənilir.

Volkswagen ID. Tiguan-ın Avropada satışlarına 2027-ci ilin əvvəlində başlanmalıdır. Model daha sonra Şimali Amerika bazarına çıxacaq və burada ID.4-ü əvəz edəcək. Şirkət Şimali Amerika üçün satış tarixini və bazara uyğun olan texniki xüsusiyyətləri daha sonra açıqlayacağını bildirib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş elektrik krossoverinin texniki göstəriciləri və qiyməti hələlik açıqlanmayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.