Hyundai beşinci nəsil Tucson modelinin qlobal versiyasını təqdim edib. Yeni krossover daha iri ölçüləri, kəskin dizaynı, yenilənmiş elektronika və yeni nəsil hibrid güc qurğuları ilə seçilir. Model həm standart, həm də uzadılmış kuzov variantında təklif olunacaq. Bundan başqa, yolsuzluq imkanları artırılmış xüsusi modifikasiya da hazırlanıb.
Yeni Tucson-un dizaynı “Art of Steel” konsepsiyası əsasında işlənib. Ön hissədə Ioniq 3 modelini xatırladan H-Edge işıq imzası, arxada isə üçölçülü struktura malik yeni fənərlər quraşdırılıb. Təchizat səviyyəsindən asılı olaraq arxa optikada 25 600-ə qədər LED piksel istifadə olunur. Krossover 17–20 düymlük təkər diskləri ilə təklif ediləcək.
Standart kuzov əvvəlki Tucson-la müqayisədə böyüyüb. Uzunluğu 4,56 metrə, eni 1,90 metrə, hündürlüyü 1,67 metrə, təkər bazası isə 2,72 metrə çatıb. Müqayisə üçün, əvvəlki nəsildə bu göstəricilər müvafiq olaraq 4,51, 1,86 və 1,65 metr, təkər bazası isə 2,68 metr idi.
Hyundai yeni Tucson üçün uzadılmış kuzov variantını da hazırlayıb. Bu versiya xüsusilə daha geniş salon və əlavə yükdaşıma imkanlarına ehtiyacı olan bazarlar üçün nəzərdə tutulub.
Uzadılmış kuzovda arxa hissənin ölçüləri böyüdülüb və ikinci sıra sərnişinlər üçün daha çox yer yaradılıb. Beləliklə, Tucson müxtəlif bazarlarda həm kompakt ölçülərə üstünlük verən, həm də daha geniş avtomobil axtaran müştərilərə uyğunlaşdırılacaq.
Salonun dizaynında əsas yeniliklərdən biri yeni rəqəmsal kokpitdir. Sürücünün qarşısında 9,9 düymlük cihazlar paneli, mərkəzdə isə 12,9 və ya 17 düymlük multimedia ekranı yerləşdirilib.
Pleos Connect sistemi Android Automotive OS əsasında işləyir və tətbiqlər, avtomobil funksiyaları və onlayn xidmətlərlə daha geniş inteqrasiya imkanları təqdim edir. Gleo adlı süni intellekt əsaslı səsli köməkçi də sistemin imkanlarını genişləndirir.
Hyundai fiziki idarəetmə elementlərini isə tamamilə ləğv etməyib. Bu, əsas klimat və digər gündəlik funksiyaların idarə olunmasını asanlaşdırır. Ötürmə seçicisi də mərkəzi konsoldan sükanaltı mövqeyə keçirilib və bunun sayəsində ön hissədə əlavə saxlama yeri yaranıb.
Arxa oturacaqlar 40:20:40 nisbətində bölünür və 150 mm məsafədə irəli-geriyə sürüşdürülə bilir. Standart kuzovda baqajın həcmi maksimum 695 litrə çatır. Ön oturacaqlar üçün yeddi kameralı pnevmatik sistem, masaj funksiyası və rahatlıq rejimləri də təklif edilir.
Təhlükəsizlik və sürücüyə yardım sistemləri arasında maraqlı yeniliklərdən biri Memory Reverse Assist funksiyasıdır. Sistem avtomobilin 30 km/saat sürətlilə hərəkət zamanı keçdiyi marşrutu yadda saxlayır və həmin marşrutla geriyə hərəkət zamanı sükanın idarə olunmasına kömək edir.
Bundan başqa, ətraf görüntünü təmin edən kamera sistemi təkmilləşdirilib və qoşqu ilə geriyə hərəkəti asanlaşdıran Trailer Reverse Assist funksiyası əlavə olunub.
Yeni Tucson-da dizel mühərrikinə isə yer yoxdur. Benzinli ön ötürücülü versiyada mexaniki transmissiya seçimi saxlanılıb, digər modifikasiyalarda isə avtomatik transmissiya təklif olunur. Tam ötürücü sistem də müəyyən versiyalar üçün əlçatan olacaq.
Hyundai eyni zamanda Tucson-un yolsuzluq imkanları artırılmış versiyasını hazırlayıb. Bu modifikasiya daha yüksək klirens, xüsusi yolsuzluq şinləri və kuzovun alt hissəsinin əlavə qorunması ilə seçilir. Beləliklə, modelin yeni nəsli yalnız şəhər krossoveri kimi deyil, daha çətin şəraitdə istifadə üçün də uyğunlaşdırılıb.
Yeni Tucson-un Avropa bazarı üçün istehsalı Çexiyadakı zavodda həyata keçiriləcək. Modelin qiymətləri və satışa çıxarılma tarixləri bazarlara görə daha sonra açıqlanacaq.
© 2000–2026 Autograph.az. Bütünhüquqlarqorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









