Nissan-ın növbəti nəsil GT-R modelinin dizaynı ilə bağlı ilk maraqlı ipucu ortaya çıxıb. Şirkətin qlobal dizayn rəhbəri Metyu Uiver R36 indeksli yeni idman avtomobilinin dairəvi fənərlərlə təchiz edilə biləcəyini söyləyib. Beləliklə, əfsanəvi modelin yeni nəsli öz sələflərinin klassik dizayn elementlərindən birini geri qaytara bilər.
Yaponiyanın “Best Car” nəşrinə müsahibə verən Uiver gələcək GT-R haqqında sualı cavablandırarkən deyib: “Əgər R36 hazırlasaq, onun dairəvi fənərləri olacaq. Hələlik deyə biləcəyim yalnız budur”. Dizaynerin bu açıqlaması konkret texniki məlumat verməsə də, Nissan-ın yeni model üçün hansı istiqaməti nəzərdən keçirdiyinə dair maraqlı təsəvvür yaradır.
Dairəvi fənərlər GT-R tarixinin ilk səhifələrinə istinad edir. 1969-cu ildə təqdim edilən ilk Skyline GT-R (C10), eləcə də 1972-ci ildə debüt edən Kenmeri GT-R dörd dairəvi fənərlə seçilirdi. Sonrakı R32, R33 və R34 nəsillərində isə daha bucaqlı işıq elementlərindən istifadə olunub. R35 modeli də özünəməxsus, şaquli istiqamətdə yerləşdirilmiş fənərlərlə fərqli dizayn xətti yaradıb.
Uiverin sözlərinə görə, R36-nın bütün görünüşünün retro üslubda olacağı nəticəsinə gəlmək düzgün deyil. Dairəvi fənərlər müasir formada işlənərək avtomobilə keçmişlə vizual bağ yarada, kuzovun qalan hissəsi isə tamamilə yeni dizayn istiqamətində inkişaf edə bilər.
Metyu Uiver Nissan üçün kənardan cəlb edilmiş dizayner deyil. O, əvvəllər R35 GT-R modelinin (o cümlədən onun xarakterik arxa dayağı da daxil olmaqla) dizaynı üzərində çalışıb. Uiver oktyabrın 1-dən etibarən Nissan-ın qlobal dizayn rəhbəri vəzifəsini tutur. O, bu postda Alfonso Albaisanı əvəz edib.
Nissan-ın baş icraçı direktoru İvan Espinosa bu ilin əvvəlində R36 üzərində işlərin artıq başladığını təsdiqləyib. O, GT-R adının şirkətin kimliyinin mühüm hissəsi olduğunu və modelin geri qayıdacağını bildirib. Bununla belə, yeni avtomobilin təqdimatı və istehsalının başlanma tarixləri hələlik açıqlanmayıb.
Güc aqreqatı ilə bağlı məlumatlar da məhduddur. Nissan növbəti GT-R modelinin tam elektromobil olmayacağına işarə edib. Mövcud gözləntilərə əsasən, daxiliyanma mühərriki müəyyən dərəcədə elektrikləşdirilmiş sistemlə birləşdiriləcək.
Lakin hazırkı iki turbokompressorlu V6 mühərrikin təkmilləşdiriləcəyi, yoxsa tamamilə başqa aqreqatdan istifadə olunacağı məlum deyil. Şirkətin məhsul strategiyası üzrə qlobal rəhbəri Riçard Kandler elektrikləşdirmənin getdikcə sərtləşən emissiya normalarına uyğunlaşmaq üçün vacib olacağını bildirib.
R35 nəslinin istehsalı 2025-ci ilin avqustunda, 17 illik istehsal dövründən sonra başa çatıb. Modelin dizaynının əsası isə hələ 2001-ci ildə nümayiş etdirilən GT-R Concept və 2005-ci il GT-R Proto konseptləri ilə qoyulmuşdu. Seriya avtomobili 2007-ci ildə təqdim edilmişdi.
Nissan hələ R36-nın nə vaxt satışa çıxacağını açıqlamayıb. Buna görə də yeni GT-R-ı bu onillikdə görəcəyimizə ümid etmək hələ tezdir. Hələlik məlum olan odur ki, “Godzilla” ləqəbli əfsanə geri qayıtmağa hazırlaşır və onun yeni simasında keçmişin məşhur dairəvi fənərlərinə də yer verilə bilər.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









