Range Rover özünün model xəttini yeni avtomobillə genişləndirir. İlk dəfə ingilis istehsalçısı GT adını daşıyan yeni modeli nümayiş etdirib. O, markanın beşinci əsas modeli olmaqla yanaşı, tamamilə yeni EMA (Electrified Modular Architecture) platforması üzərində qurulan ilk tam elektrikli Range Rover olacaq.

Hələlik avtomobil kamuflyaj altında nümayiş etdirilsə də, ilk rəsmi görüntülər onun klassik Range Rover siluetindən fərqli istiqamətdə inkişaf etdiyini göstərir. Daha alçaq dam xətti, uzadılmış kuzov proporsiyaları və fastbek üslubu yeni modeli ənənəvi SUV ilə lüks Grand Tourer arasında yerləşdirir. 

Range Rover bildirir ki, GT modeli uzun məsafəli səyahətlər üçün maksimum rahatlıq təqdim etməklə yanaşı, markaya xas ofroud imkanlarını da qoruyacaq. Şirkətin sözlərinə görə, bu avtomobil "Grand Touring" anlayışını Range Rover fəlsəfəsinə uyğun şəkildə yenidən formalaşdıracaq.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, yeni GT modeli 800 voltluq elektrik arxitekturasına malik EMA platforması üzərində hazırlanıb. İlk mərhələdə yalnız tam elektrik versiyası satışa çıxarılacaq, sonrakı illərdə isə hibrid modifikasiyalar da təqdim ediləcək. Bu platformanın gələcəkdə yeni nəsil Range Rover Evoque, Range Rover VelarDiscovery Sport modellərində də istifadə olunacağı gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salon tamamilə yeni dizayn konsepsiyasına malikdir. Fiziki düymələrdən demək olar ki, tam imtina olunub. Ön paneldə iri mərkəzi taçskrin və yığcam rəqəmsal cihaz paneli yerləşir, havalandırma çıxışları və audio sistemi isə interyerə gizli şəkildə inteqrasiya edilib. Arxa hissədə isə geniş ayaq məsafəsi və iki sərnişin üçün nəzərdə tutulmuş premium konfiqurasiya diqqəti çəkir.

Range Rover hələlik texniki göstəricilər, yürüş ehtiyatı və qiymət barədə məlumatı açıqlamayıb. Model hazırda son sınaq mərhələsindədir və onun tam ölçülü təqdimatının 2026-cı ilin sonuna doğru keçirilməsi gözlənilir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.