Volkswagen ikinci nəsil T-Roc modelinin ən güclü versiyasını – T-Roc R krossoverini təqdim edib. 333 at gücünə malik yeni krossover 48 voltluq yumşaq hibrid sistemi, tam ötürməli transmissiyası və xüsusi idman şassisi ilə seçilir. Şirkət bu modeli Avropa bazarında təklif etdiyi ən güclü krossover kimi təqdim edir.

T-Roc R standart versiyadan ilk növbədə aqressiv eksteryer dizaynı ilə fərqlənir. Model 19-düymlük Zandvoort diskləri ilə təchiz edilir, əlavə ödənişlə 20-düymlük döymə üsulu ilə hazırlanmış Warmenau diskləri də sifariş etmək mümkündür. Ön bamperin xüsusi dizaynı, arxa bamperin aşağı hissəsindəki diffuzor və mavi əyləc supportları idman xarakterini vurğulayır. Dörd çıxış borusuna malik buraxılış sistemi də modelin fərqləndirici elementlərindəndir. Daha yüngül titan R-Performance buraxılış sistemi isə Akrapovič tərəfindən hazırlanıb və əlavə seçim kimi təklif olunur.

Salonda R-Performance sükanı, sükanaltı pillə dəyişdiriciləri və ayrıca R düyməsi quraşdırılıb. Rəqəmsal cihazlar panelində pillələrin dəyişdirilməsi ilə bağlı tövsiyələri, GPS vasitəsilə dövrə vaxtlarını və digər idman göstəricilərini əks etdirmək mümkündür. Ön oturacaqların arxalıqlarında isə R loqotipi işlənib.

Kapotun altında 2,0-litrlik, EA888 evo5 seriyasından olan turbomühərrik yerləşir. 333 at gücü hasil edən bu aqreqat 48 voltluq startyor-generatorla birlikdə işləyir. Beləliklə, T-Roc R yumşaq hibrid texnologiyasından istifadə edən ilk R modeli olub. Sistem əyləcləmə zamanı enerjini rekuperasiya edir, avtomobil ətalətlə hərəkət edərkən daxiliyanma mühərrikini müvəqqəti söndürə bilir və aşağı dövrlərdə dartma qüvvəsinin yaxşılaşdırılmasına kömək edir.

Güc yeddi pilləli DSG robotlaşdırılmış transmissiya vasitəsilə 4Motion tam ötürmə sisteminə göndərilir. Ümumi fırlanma anı 420 Nm təşkil edir. T-Roc R 0-dan 100 km/saata 5 saniyəyə sürətlənir, maksimal sürəti isə 250 km/saatdır.

Tam ötürmə sisteminin R-Performance funksiyası fırlanma anını təkcə ön və arxa oxlar arasında deyil, həm də arxa təkərlər arasında bölüşdürə bilir. Bu həll sürətlənmə və əyləcləmə zamanı, eləcə də sol və sağ təkərlərin yol ilə ilişmə səviyyəsi fərqli olduqda avtomobilin idarəolunmasını yaxşılaşdırmağa yönəlib.

Modelin standart təchizatına adaptiv idman asqısı daxildir. Ön tərəfdə McPherson, arxada isə çoxqollu asqı sistemi quraşdırılıb. Sükan üzərindəki R düyməsi ilə Race rejimini aktivləşdirmək mümkündür. Bundan başqa, Nürburqrinq trası üçün nəzərdə tutulmuş parametrləri avtomatik seçən Special və arxa oxun sürüşməsinə imkan verən Drift rejimləri də mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Volkswagen T-Roc R üçün Almaniyada ilkin sifarişlərin qəbuluna başlanılıb. Modelin başlanğıc qiyməti 59 995 avro təşkil edir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.