Zeekr Avropada yenilənmiş 7X elektrik krossoverinə sifarişləri qəbul etməyə başlayıb. Model daha güclü elektrik mühərrikləri, təkmilləşdirilmiş eksteryer, yeni sürücü köməkçiləri və daha sürətli şarj imkanları ilə seçilir. Tam ötürməli versiyanın gücü 500 kVt-a (680 at gücünə) çatdırılıb. Almaniya bazarında qiymətlər isə əvvəlki ilə müqayisədə 2000 avro artıb.

Yenilənmiş Zeekr 7X əvvəlki kimi üç versiyada təklif olunur: kiçik batareyalı arxa ötürməli Business Edition, böyük batareyalı arxa ötürməli Long Range və tam ötürməli Privilege. Arxa ötürməli versiyaların gücü 310-dan 335 kVt-a, tam ötürməli modifikasiyanın gücü isə 475-dən 500 kVt-a yüksəldilib. Fırlanma anı müvafiq olaraq 520 və 790 Nm təşkil edir.

Restaylinqdən əvvəlki model

Nəticədə arxa ötürməli versiyalar 0-dan 100 km/saata 5,5–5,6 saniyəyə, tam ötürməli Privilege isə 3,7 saniyəyə sürətlənir. Bütün modifikasiyaların maksimal sürəti 210 km/saatdır.

Batareyaların tutumu dəyişməyib. Business Edition versiyasında 75 kVt·saatlıq LFP, digər iki modifikasiyada isə ümumi tutumu 100 kVt·saat olan NMC batareyası quraşdırılır. WLTP dövrünə əsasən yürüş ehtiyatı müvafiq olaraq 482, 627 və 545 kilometr təşkil edir.

Yenilənmiş krossover

Yenilənmiş modelin əsas üstünlüklərindən biri şarj göstəriciləridir. Dəyişən cərəyanla (AC) şarj gücü bütün versiyalarda 22 kVt-a çatır. Sabit cərəyanla (DC) şarj zamanı isə kiçik batareyalı Business Edition 450 kVt, böyük batareyalı versiyalar 420 kVt gücü dəstəkləyir.

İstehsalçının hədəf göstəricilərinə əsasən, batareyanı 10-dan 80 faizə qədər doldurmaq üçün müvafiq olaraq 10,5 və 15 dəqiqə tələb olunur. Lakin bu nəticələrin yalnız optimal şəraitdə əldə edilə biləcəyi vurğulanır.

Yenilənmiş interyer

Eksteryerdə də müəyyən dəyişikliklər var. Ön bamperdə iri hava girişləri, arxa bamperin aşağı hissəsində isə yenilənmiş dizayn tətbiq edilib. Model üçün yeni 21-düymlük yüngül lehimli disklər də təklif olunur. 2027-ci ilin birinci rübündən etibarən Glacier Silver və Mystic Lilac adlı iki yeni kuzov rəngi də sifariş edilə biləcək.

Salonda əsas dəyişikliklər mərkəzi konsolun yenilənmiş dizaynı ilə məhdudlaşır. Bundan başqa, AirConsole platforması vasitəsilə avtomobilin multimedia sistemində videooyunlar oynamaq mümkün olacaq. Bu zaman smartfon oyun pultu rolunu oynayacaq.

Yenilənmiş salon

Yenilənmiş Zeekr 7X Bosch tərəfindən hazırlanmış yeni sürücü yardım sisteminə də sahib olub. Yeddi kamera və üç radardan istifadə edən sistem avtomobilin Zeekr mobil tətbiqi vasitəsilə uzaqdan park edilməsinə imkan verir. Bu funksiya üçün uyğun Apple cihazı tələb olunur. Əvvəllər satılmış avtomobillər də bəzi uzaqdan parketmə funksiyalarını pulsuz proqram yeniləməsi vasitəsilə əldə ediblər.

Almaniyada yenilənmiş Zeekr 7X-in qiymətləri Business Edition üçün 54 990 avrodan, Long Range üçün 59 990 avrodan, Privilege üçün isə 66 990 avrodan başlayır. Beləliklə, hər üç versiyanın qiyməti əvvəlki ilə müqayisədə 2000 avro artıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlk müştəri avtomobillərinin təhvil verilməsinə 2027-ci ilin birinci rübündə başlanması planlaşdırılır.

Qeyd edək ki, Zeekr 7X sürətli şarj imkanlarına görə Avropa bazarındakı rəqibləri arasında iddialı mövqeyini qoruyur. Bununla belə, alıcılar seçim qarşısında qalırlar: ən sürətli şarj imkanları kiçik batareyalı Business Edition-da, ən böyük yürüş ehtiyatı isə Long Range versiyasındadır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.