Qordon Marri bir vaxtlar Formula 1 bolidlərini yaratmaqla məşğul idi. O, həmçinin avtomobilin altındakı hava kütləsini boşaldaraq yerəbasma gücünü artıran iri ventilyatorun və belə ventilyatorla təchiz edilmiş əfsanəvi McLaren F1 superkarının yaradıcısıdır. Britaniyanın “Autocar” nəşrinin bildirdiyinə görə, hazırda Qordon Marri iki yeni elektromobilin üzərində işləyir.

Marrinin sözləyinə görə, yeni avtomobillər nisbətən ucuz elektrik krossoverləri olacaqlar. Onlardan birincisi ön ötürməyə, dördyerli salona və dörd metrə qədər uzunluğa malik olacaq, ikincisi isə, beşyerli salon və tamötürmə ilə təchiz ediləcəkdir.

Qordon Marri və müəllifi olduğu GMA T.50 superkarı

Ən başlıcası isə, bu krossoverlərin əsasını Qordon Marri tərəfindən hazırlanmış yeni iStream arxitekturası təşkil edəcəkdir. Gələcək Tesla modellərində olduğu kimi, Marrinin yaratdığı elektromobillərdə də batareya aparıcı funksiyanı daşıyacaq, yəni kuzovun güc strukturunun bir hissəsi olacaqdır. Bu və digər innovasiyalar avtomobillərin çəkisini əhəmiyyətli dərəcədə azaltmağa və beləliklə onların məhsuldarlığını artırmağa imkan verəcəkdir.

“Ailə avtomobilinin çəkisi 2,5 ton ola bilməz”, - müasir elektromobillərə işarə edən Marri bildirib. O, yaratdığı avtomobillərin çəkinin, yürüş ehtiyatının və dinamikanın yeni standartlarını təyin edəcəklərini vurğulayıb.

iStream arxitekturası

Maraqlıdır ki, krossoverlədən biri Marriyə məxsus olan GMA markası altında buraxılacaqdır. İkinci avtomobilin isə, hansısa kənar avtomobil istehsalçısı üçün hazırlandığı söylənilir. Söhbətin ən kiçik modeldən getdiyi istisna olunmur, çünki onun əsasən karşərinq üçün istifadə edilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.