McLaren F1 superkarının yaradıcısı və Formula 1 bolidlərinin sabiq konstruktoru Qordon Mürrey yeni trek superkarını təqdim edib. Yeni superkar Niki Laudanın şərəfinə adlandırılıb və onun təqdimatı üçqat dünya çempionunun ad günündə keçirilib. Cəmi 25 ədəd GMA T.50s Niki Lauda modeli hazırlanacaqdır - bu say əfsanəvi pilotun Formula 1 çempionatında əldə etdiyi qələbələrin simvoludur.
GMA T.50s Niki Lauda modelinin əsasını, keçən ilin avqust ayında nümayiş etdirilən “adi” T.50 kupesi təşkil edir. Bununla birlikdə, superkarın konsepsiyası dəyişdirilib: Laudanın adını alan hardkor versiyasının ümumi yollara çıxışı olmadığından, Gordon Murray Automotive firmasının mühəndislərinin qarşısında heç bir məhdudiyyət qoyulmayıb.
Cosworth istehsalı olan 4,0-litrlik V12 atmosfer mühərrikinin gücü 664-dən 712 at qüvvəsinə, fırlanma anı isə 467-dən 485 Nm-ə qədər artırılıb. Ən yüksək hasilat 11.500 dövr/dəqiqədə əlçatandır. Məşhur 400 millimetrlik “ventilyator” da yerində qalıb: mexanizm 48 voltluq startyor-generatorundan fırlanaraq əlavə yerəbasma gücü hasil edir, yüksək sürətlərdə isə üfürmə sayəsində əlavə 24 at qüvvəsini təmin edir.
Sadələşdirilmiş, katalitik neytrallaşdırıcısı olmayan buraxılış sistemi və bir-birinə yaxın məsafədə yerləşdirilmiş çıxış boruları sayəsində, atmosfer mühərriki 1970-ci illərin Formula 1 bolidlərinin mühərriklər qədər yüksək səsə malikdir.
GMA T.50s modelini Niki Laudanın şərəfinə adlandırılması qərarı simvolikdir, çünki avstriyalı 1978-ci ildə keçirilmiş İsveç Qran Prisini Qordon Mürreyin hazırladığı Brabham BT46B bolidində qazanmışdı. Avtomobilin ən diqqət çəkən cəhəti qraund-effekti yaradan ventilyatorlu sistem idi.
Cosworth mühəndisləri təkcə mühərriki gücləndirməyi deyil, həm də yüngülləşdirməyi bacarıblar: T.50s modelində quraşdırılan atmosfer mühərriki yeni paylayıcı valları və dəyişdirilmiş silindr başlığını alaraq 16 kiloqram “itirib”. 736 at qüvvəli kupenin boş ağırlığı inanılmaz 852 kiloqrama çatıb, yəni GMA T.50 modelinə nisbətən çəkiyə 134 kiloqram qənaət edilib!
Heyranedici nəticə, sağ sərnişin oturacağından, kondisionerdən və media sistemindən imtina etmənin, həmçinin 6-pilləli mexaniki ötürmələr qutusunun IGS yarış transmissiyası ilə əvəzlənməsinin nəticəsidir. Qordon Mürrey, T.50s modelinin gücünün çəkisinə olan nisbətinin 2020-ci ildə Le Manda ikinci yeri tutan sportprototip ilə eyni olduğunu bildirib.
Zahiri cəhətdən, GMA T.50s Niki Lauda modelini adi T50 ilə səhv salmaq mümkün deyil: trek versiyasında tamamilə yeni aerodinamik kuzov dəsti və hündürlüyü aşağı salınmış asqı sistemi mövcuddur. Əlavə deflektorlar, inkişaf etdirilmiş yan ətəklər, nəhəng diffüzör və arxa antiqanadı damdakı hava girişinə bağlayan uzun “üzgəc” də var. Qordon Mürreyin hesablamalarına görə, yerəbasma gücünün pik həddi 1500 kiloqrama çatacaq və 280 km/saat sürətində GMA T.50s modeli başı aşağı hərəkət edə bilər. Əyləcləmə zamanı yüklənmə həddi 3,5 g, 240 km/saat sürəti ilə dönmə zamanı isə 2,5 g təşkil edir.
GMA T.50s superkarının alıcısı onu konkret trekə uyğunlaşdıra biləcəkdir: transmissiyanın ötürmələr nisbəti üçün iki parametr var, klirensi və antiqanadın hücum bucaqlarını dəyişdirmək mümkündür. Opsional olaraq, kupeni təkyerli konfiqurasiyada sifariş etmək olar. Adi halda superkar pilotun sol tətəfində çox cəsarətli sərnişin üçün nəzərdə tutulmuş kreslo ilə təklif edilir.
Hər bir T.50s superkarı Qordon Mürreyin avtomobillərinin Formula 1 Qran Prilərində əldə etdiyi uğurun simvoludur. Avtomobilin sahibi yarışların təsviri və Mürreyin şəxsi xatirələri olan kitabı alacaqdır. Nümayiş etdirilən T.50s modeli Brabham bolidinin 1974-cü ildə keçirilmiş Cənubi Afrika Qran Prisində əldə etdiyi qələbəyə həsr olunub.
Qordon Mürrey, T50s Niki Lauda xüsusi versiyasını 3,1 milyon funt sterlinq qiymətləndirib. Beləliklə, trek superkarı adi T.50 modelindən 740 min funt sterlinq bahadır.
25 nüsxəlik tirajla buraxılacaq “trek” kupesinin istehsalına 2023-cü ilin yanvarında başlanacaqdır. Qeyd etmək gərəkdir ki, yaxın iki il ərzində GMA zavodu adi T50 modelinə olan sifarişləri yerinə yetirməlidir.