Əslində, McLaren F1 modelinin tam hüquqlu varisi artıq mövcuddur - bu mərkəzdə sürücü oturacağına və üç nəfərlik salona malik olan, həmçinin sələfi tərəfindən qeydə alınmış maksimal sürət rekordunu qıran Speedtail modelidir. Buna baxmayaraq, əfsanəvi F1 superkarının yaradıcısı olan dizayner və mühəndis Qordon Mürrey, yəqin ki, bütün bunların kifayət etmədiyinə inanır.
Buna görə, onun təsis etdiyi Gordon Murray Automotive (GMA) şirkəti, faktiki olaraq təkmilləşdirilmiş McLaren F1 adlandırdığı yeni superkarı inşa edib. Ancaq, bu avtomobilin öz adı var - T.50. Bu ad ikiqat məna daşıyır - yeni superkar Mürreyin 50 illik karyerasında 50-ci avtomobilidir
Orta mühərrikli, arxa ötürməli kupenin yaradılacağı 2017-ci ildə elan edilmişdi, 2019-cu ilin dekabr ayında isə T.50 modelinin ilk tam hüquqlu görüntüsü bizə göstərilmişdi. İndi isə, GMA tamamilə hazır olan eksteryer və interyer dizaynını ortaya qoyub, avtomobilin bütün xüsusiyyətlərini və 2022-ci ilin yanvarına planlaşdırılan istehsalını təsdiqləyib.
T.50 superkarının uzunluğu 4352 millimetr, eni - 1850 millimetr, hündürlüyü - 1164 millimetr, təkər bazasının genişliyi isə 2700 millimetr təşkil edir. Avtomobilin ön və arxa təkər izi, müvafiq olaraq 1586 və 1525 millimetr, ön və arxa oxların altında yerdən hündürlük isə, müvafiq olaraq, 120 və 140 millimetr təşkil edir. Avtomobilin dizaynı bilərəkdən mümkün qədər "təmiz" şəkildə hazırlanmışdır. Dizayner qanadlardan, "ətəklərdən" və havalandırma dəliklərindən imtina edib, çünki üstün aerodinamik göstəriciləri arxa tərəfdə quraşdırılmış 40 santimetrlik pər, aktiv elementlər, həmçinin sürətlənmə, əyləcləmə, maksimal yerəbasma qüvvəsi, düzlükdə maskimal sürətlə hərəkət və yanacaq qənaəti üçün nəzərdə tutulmuş altı konfiqurasiya tərəfindən təmin edilməlidir.
T.50-in çəkisi cəmi 986 kiloqramdır - bu, rəqib superkarlarda olduğundan təxminən 30% daha azdır. Buna, digər şeylərlə yanaşı, karbon lifinin istifadə sayəsində nail olunub: kuzov panellərinin və monokokun çəkisi 150 kiloqramdan azdır. Avtomobilin şüşələri adi şüşələrdən 28% daha incədir və bu da qənaətə öz töhfəsini vermişdir. Nəhayət, Cosworth firmasının 3.9-litrlik V12 mühərrikinin çəkisi 178 kiloqramdır - bunun mülki modellərdə quraşdırılan 12-silindrli mühərriklər arasında ən aşağısı olduğu bildirilir. Altı pilləli Xtrac transmissiyası da 80,5 kiloqram ağırlığındadır.
Avtomobilin alüminium və titandan hazırlanmış mühərriki 663 at qüvvəsi və 467 Nm fırlanma anı hasil edir. Atmosfer mühərriki 12 100 dövr/dəqiqəyə qədər sürətlənə bilir. GMA heç də müəyyən edilmiş güc xarakteristikalarının və sürət rekordunun ardınca qaçmayıb, əskinə mühərrikin optimal məhsuldarlığa malik olmasına çalışıb, çünki V12 mühərriki təkcə trekdə əylənmək üçün deyil, həm də şəhər şəraitində gündəlik istifadə üçün nəzərdə tutulmuşdur. Bununla belə, bir litr həcmə düşən 166 at qüvvəsi, həqiqətən, atmosfer mühərrikləri üçün çempionluq göstəricisidir.
Yeri gəlmişkən, 663 at qüvvəsi T.50 superkarı üçün son hədd deyil: yuxarıda göstərilən altı rejimin ən ekstremal variantı olan V-Max Boost rejimində 48 voltluq startyor-generatoru və aerodinamik elementlər sayəsində mühərrikin gücü qısa müddətə 700 at qüvvəsinə qədər artırılır. Digər tərəfdən, gündəlik istifadə üçün nəzərdə tutulmuş GT rejimində güc 600 at qüvvəsi ilə məhdudlaşır.
Qırıcıların kokpitlərindən ilhamlanaraq yaradılmış salon, müxtəlif sistemləri idarəetmə baxımından maksimum dərəcədə sürücüyə istiqamətnləndirilmişdir. Eyni zamanda, kreslo, sükan çarxını və hətta pedalları müəyyən sürücü üçün xüsusi olaraq hazırlanacaqdır. Yeri gəlmişkən, 74 yaşlı Qordon Mürrey fərdiləşdirmə proqramını müzakirə etmək üçün bütün müştəriləri ilə şəxsən görüşmək niyyətindədir
Arxa sərnişinlərə müasir dəbdəbəli avtomobillərdən gözlənilən rahatlıq vəd edilir. Bundan başqa, əşyaları saxlamaq üçün bir neçə bölmə, kondisioner, Android Auto və Apple CarPlay dəstəyi olan multimedia sistemi, 10 dinamikli 700 vattlıq premium səs sistemi də nəzərdə tutulmuşdur.
GMA şirkəti T.50 superkarını 100 nüsxəlik tirajla buraxmağı nəzərdə tutub. Vergilər istisna olmaqla hər bir superkarın qiyməti minimum 2.36 milyon funt sterlinq təşkil edəcəkdir. Lakin, Gordon Murray Automotive bununla kifayətlənmək fikrində deyil. T.50 superkarı yeni markanın flaqmanı olacaqdır. Onun ardınca, Mürrey digər modellərin kiçik miqyaslı istehsalını təşkil etmək niyyətindədir.