Gordon Murray Automotive şirkəti ümumi yollar üçün nəzərdə tutulmuş T.50 superkarını düz bir ay əvvəl təqdim edib. İndi isə, bizə onun trek alter eqosu nümayiş etdirilib. Trek superkarı şərti olaraq T.50s indeksini daşıyır, lakin bu ilin sonunda keçiriləcək təqdimat zamanı avtomobilin əsl adı açıqlanacaq. Modeli "tarixi əhəmiyyət daşıyan" ad alacağı söylənilir.
Ortamühərrikli superkar ən iri detalı olan arxa hissədəki 40 santimetrlik pəri qoruyub saxlasa da, britaniyalıların qürurla vurğuladığı "izafiyyətsiz" dizayn üslubu əvəzinə ekstremal aerodinamik kuzov dəstini görürük. Ən diqqət cəlb edən elementlər 1.75 metrlik antiqanad və damın ortasından arxaya uzanan “üzgəcdir”. Belə dayaq ilə avtomobil bir ton yarım yerəbasma gücü yaradır. Eyni zamanda, superkarın çəkisi 986-dan 890 kiloqrama qədər azaldılıb.
Damdakı hava girişi indi daha diqqətçəkən olub. Aerodinamik üfürmə sayəsində bu giriş mühərriki təxminən əlavə 30 at qüvvəsi ilə təmin edir. Cosworth firmasının 3.9-litrlik V12 mühərriki də yenilənib: aqreqatın əllidən çox detalı dəyişdirilib. İndi yüksək sürətlərdə mühərrikin gücü 730 at qüvvəsini keçə bilər.
Xatırladaq ki, mülki model üçün 663 at qüvvəsi bəyan edilib, lakin gərək olduqda bu gücü 700 at qüvvəsinə qədər artırmaq mümkündür. Bundan başqa, trek avtomobili yeni 6-pilləli mexaniki ötürmələr qutusunu və asqı sisteminin digər tənzimləmələrini əldə edəcəkdir.
Adi yollar üçün nzərədə tutulmuş T.50 superkarı 100 nüsxəlik tirajla istehsal ediləcək və 2.36 milyon funt sterlinqdən satılacaqdır. Qeyd etmək gərəkdir ki, superkarın bütün tirajı iki gün ərzində öncədən sifarişlə satılıb. T.50s trek superkarının tirajı isə 25 nüsxədən ibarətdir.
Trek avtomobilin qiyməti 3.1 milyon funt sterlinq təşkil edir. Trek superkarının təqdimatının keçirilmədiyinə baxmayaraq, əfsanəvi dizayner və mühəndis Qordon Mürreyin firması artıq planlaşdırılan tirajın yarısını satıb.