Quançjouda keçirilən avtosalonda Lexus şirkəti özünün ilk seriya elektrokarını təqdim edib. Gözlənildiyi kimi, elektromobil Lexus UX modelinin bazasında inaş edilib və UX 300e indeksinə sahib olub.
Lexus UX 300e modeli zahiri cəhətdən adi krossoverdən elə də fərqlənmir. Daxili yanma mühərrikini elektromotorla əvəzləmiş krossoveri “yanacaq çəninin” düzbucaqlı formasına görə ayırd etmək olar. Bundan başqa, elektrik krossoveri 20 mm azaldılmış klirensə, aerodinamik formaya malik olan təkər disklərinə və hava müqavimətini azaldan daha rəvan altlığa sahib olub. Elektrokarın salonunda başqa cihazlar paneli quraşdırılıb.
UX 300e modelinin elektrik mühərriki 204 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edir. 54,3 kVs-lıq batareya NEDC siklində 400 km yürüş etməyə imkan verir. Mənzil elektrik şəbəkəsindən krossoverin batareyasını 7 saata doldurmaq mümkündür. Sürətli yükləmə terminalından yükləməyə isə 50 dəqiqə kifayət edir. 1900 kiloqrama ədər atran çəki asqı sisteminin təkmilləşdirlməsini tələb edib. Məlum məsələdir ki, krossover mühərrikin səsini təqlid edən sistem ilə də təchiz edilib.
Lexus UX 300e modeli ilkin olaraq Çin bazarında satılacaqdır. Sonradan elektromobil Avropa və Yaponiyada da təklif ediləcəkdir.