Ənənəvi olaraq alman üçlüyünün pərəstişkarları arasında “hansı marka yaxşıdır” müharibəsi fasiləsiz olaraq davam edir. Audi, BMW və Mercedes-Benz həvəskarlarının mübahisəsinə səbəb olan məsələlərdən biri də tam ötürməli çəkiş sistemləridir. Qeyd etmək lazımdır ki, bu sahədə ən amansız “döyüşlər” Audi və BMW "azarkeşləri" arasında baş verir. Bəs, hansı ötürmə daha üstündür – quattro yoxsa xDrive?
Əlbəttə ki, bu məsələ ən çox şimal ölkələrinin sakinlərini narahat edir. Bu günlərdə şinlər üzrə ixtisaslaşmış Tyre Reviews nəşrinin mütəxəssisləri üç müxtəlif avtomobilin tam ötürmə sistemlərini Nokian şirkətinin İvoladakı poliqonunda müqayisə ediblər. Sınaqlarda Audi A4 quattro, BMW 3 Series xDrive və Jaguar XE AWD modelləri iştirak ediblər. Doğrudur, iki alman sistemini dəfələrdə müqayisə ediblər, lakin Tyre Reviews mütəxəssislərinin təşkil etdiyi müqayisənin daha obyektiv və adekvat şəkildə keçirildiyi görünür.
Beləliklə, A4 və 3 Series eyni ölçülü Nokian şinlərinə malik olsalar da, Jaguar XE modelinin şinlərinin ölçüsü fərqli olub. Hər üç avtomobil gücün çəkiyə olan bənzər nisbətinə malik olublar. Hər üç avtomobil avtomatik qutular ilə təchiz edilibdlər. BMW modeli isə ən kiçik fırlanma anına sahib olub.
Avtomobillər qışda sürücülərin rastlaşdığı müxtəlif vəziyyətləri simulyasiya edən dörd hissədə (qarda və buzda sürətlənmə, qarlı yoxuşa çıxma, qarlı trasda idarəetmə) sınayıblar. Nəticələr səthdən asılı olaraq müxtəlif olublar. Birinci tapşırıqda quattro sistemi ən çox xal toplayıb. Audi - 4 , BMW – 1, Jaguar isə 0 xalı aktivinə yazdırıb. Buz üzərində Audi - 4, BMW – 2, Jaguar isə yenə də 0 xal toplayıb. Amma yoxuşda BMW rəqiblərini darmadağın edib – 3 xal. Audi isə cəmi 1 xal qazanmağa müvəffəq olub. Qarlı yolda isə Audi daha effektiv olub. Beləliklə, ümumi birincilikdə Audi böyük üstünlüklə rəqiblərinə qalib gəlib.