Çinin Geely şirkətinə məxsus olan Radar brendi özünün ilk modeli - RD6 elektrik pikapının xüsusiyyətlərini açıqlayıb. Geely Holdinq bu ilin iyul ayında Radar brendini təqdim edib və eyni zamanda onun ilk modeli olan RD6 elektrik pikapını göstərib. Bu, böyük şəhərlərin aktiv həyat tərzi keçirməyə üstünlük verən sakinlərinə ünvanlanmış, Zeekr 001 və smart #1 modellərinin inşa edildiyi SEA platformasına əsaslanan elektrik pikapıdır.
Radar RD6 pikapını ölçülərinə görə Toyota Hilux və ya Isuzu D-Max pikapları ilə müqayisə etmək olar. Model iki cərgəli kabin və uzunluğu 1525 millimetr olan yük platforması ilə təklif olunacaqdır. Eelektropikapın pasport üzrə yükgötürmə qabiliyyəti 755 kiloqramdır.
Elektromobilin kuzovunda dörd 220 voltluq çıxış var. Onlara istənilən məişət texnikasını - çaydandan tutmuş kondisionerə və elektrik qrilinə qədər, - qoşmaq mümükündür. Portların hər birinin maksimal çıxış gücü altı kilovatdır.
Düşərgə ləvazimatlarını yerləşdirmək üçün kapotun altında (70 litr), arxa oturacaqların altında (48 litr) kip bağlanan bölmələr var. Eyni zamanda, ön panel və mərkəzi konsol Geely HaoYue krossoverindən götürülüb.
Hələlik yalnız yeganə güc qurğusu təklif ediləcəkdir: arxa oxda yerləşən 272 at qüvvəli elektrik mühərriki və 352 volt işləmə gərginliyinə malik olan 85,9 kilovat-saat tutumlu dartma batareyası.
Təsdiqlənməmiş məlumatlara görə, pikap 100 km/saat həddinə təxminən altı saniyəyə sürətlənir və dolu batareya ilə 600 kilometr məsafə qət edir. Sonradan çeşiddə daha güclü versiyalar da peyda ola bilərlər, lakin hələlik onlar haqqında heç bir məlumat verilməyib.
Pikap üçün geniş çeşiddə aksessuarlar nəzərdə tutulub. Məsələn, pikapı yük platformasının sərt qapağı, mini-soyuducu və radioqəbul edici ilə təchiz etmək olar. Çində elektromobilin satışı bu ilin sonuna qədər başlanmalıdır, lakin onun qiyməti hələlik açıqlanmayıb.
Sonradan RD6 modelinə “yeni enerjili” orta və tam ölçülü pikaplar, iri pikap və ofrouder, habelə elektrik kvadrosikli qoşulacaqdır. Sonuncu Tesla Cyberquad və Lexus ROV hidrogen baggisinə rəqib ola bilər.
İş ondadır ki, Çində aktiv həyat tərzi üçün nəzərdə tutulmuş avtomobillərə tələbat yüksək sürətlə artır və Geely bu seqmentin əhəmiyyətli hissəsini ələ keçirmək niyyətindədir.
Yeri gəlmişkən, son zamanlar Geely yeniliklər selinin önünü açıb – son bir neçə gün ərzində Xingrui (Preface) sedanı, Binyue Cool (Coolray), Boyue L və Icon Chocolate Edition krossoverləri nümayiş etdirilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.