Fəaliyyəti bərpa edilmiş Radford şirkətinin klassik Lotus avtomobillərinin üslubunda görünüşə malik olan Type 62-2 modelini 62 nüsxəlik tirajla buraxmağı planlaşdırdığı barədə artıq məlumat vermişik. Bu gün istehsalçı 17-19 sentyabr tarixində Qudvudda keçiriləcək Sürət Festivalında debüt edəcək Radford Type 62-2 John Player Special sportkarını göstəib.
62 nüsxəlik tirajla buraxılacaq Radford Type 62-2 modelinin 12 nüsxəsi JPS versiyasında olacaqdır. İlk avtomobillər sifarişçilərə 2022-ci ildə çatdırılacaqlar.
Adından göründüyü kimi, Radford Type 62-2 JPS modelləri Emerson Fittipaldinin 1972 il mövsumundə beş qələbə qazandığı Lotus 72D Formula 1 bolidinin qara-qızılı rəngli livreyasına boyanacaqdırlar. Xatırladaq ki, eyni livreyaya 1986-cı ildə əfsanəvi Ayrton Sennanın idarə etdiyi Lotus 98T bolidi də malik idi.
Əfsanəvi livreya ilə yanaşı, Radford Type 62-2 JPS modeli təkmilləşdirilmiş texniki hissəsi ilə də seçiləcəkdir. Məsələn, sportkarın təchiz edildiyi 3,5-litrlik V6 turbomühərrikinin gücü 507 at qüvvəsindən 608 at qüvvəsinə qədər artırılacaqdır. Mexaniki ötürmələr qutusu, isə ikimuftalı yeddi pilləli “robot” ilə əvəzlənəcəkdir.
Radford şirkəti, eyni zamanda, karbondan hazırlanmış təkər diskləri və təkmilləşdirilmiş karbon-saxsı əyləc mexanizmləri sayəsində avtomobilin çəkisini azaltmağa müvəffəq olub. Şirkətdən JPS versiyasının “yol avtomobilindən daha çox yarış avtomobilinə yaxın olduğunu” bildirirlər.
Superkarın aerodinamikasında da dəyişikliklər var: daha iri ön splitter və arxa tərəfdəki aqressiv diffuzor avtomobili əlavə yerəbasma gücü ilə təmin edir. Daha güclü mühərrikin effektiv soyudulmasını təmin etmək üçün yan hava girişlərinin də ölçüləri atırılıb.
Radford şirkətinin təsisçilərindən biri olan Formula 1 üzrə dünya çempionu Censon Batton John Player Special versiyasını Radford Type 62-2 modelinin ən ekstremal versiyasının olduğunu iddia edir. “Emerson Fittipaldi və Ayrton Senna kimi əfsaənərin idarə etdiyi bolidlərin livreyasına burunmuş alçaq siluetli, hamar səthli və güclü superkar, insanı dərhal onun sükanı arxasına keçməyə vadar edir”, - keçmiş dünya çempionu bildirib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.